Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir N.İsmayılova/
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın 2012-ci il üçün ÜDM-in artım proqnozunu nəzərdən keçirib. Bu barədə bankın regionda artım əməliyyatları perspektivləri üzrə oktyabr hesabatında deyilir. Hesabat çərşənbə axşamı strukturun saytında dərc edilib.
İnformasiyaya əsasən, 2011-ci ildə ÜDM-in artım tempinin 0,5 faiz səviyyəsində olacağı gözlənilir, 2012-ci ildə isə 4 faiz (əvvəllər proqnoz üç faiz olub) təşkil edəcək.
Bankın proqnozlarına əsasən, cari ilin sonunda inflyasiyanın səviyyəsi 8,5 faizə bərabər olacaq. Halbuki əvvəllər bu göstəricinin 9,1 faiz olacağı gözlənilirdi.
"Ölkə iqtisadiyyatının diversifikasiyalaşdırılması hələ də əhəmiyyət kəsb edir. Belə ki, iqtisadiyyatın neftdən çox asılı olması ilə bağlı risklər qlobal maliyyə böhranında aydın görünməyə başlayıb. Həmin vaxt neft qiymətləri düşüb", - bankın hesabatında deyilir.
Ölkələrin qlobal iqtisadi böhrandan çıxmağa davam etməsi fonunda AYİB-in mütəxəssislərinin proqnozlarına əsasən, 2011-ci ildə regionun bütün 29 ölkəsində 4,5 faiz səviyyəsində artım gözlənilir. Halbuki əvvəllər bunun 4,8 faiz olacağı proqnozlaşdırılırdı. 2012-ci il üçün artım proqnozu 4,4 faizdən 3,2 faizə enib.