...

EEIG Azərbaycanın qeyri-neft sektorunda investisiyaların artırılmasına yardım etməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2011 12:21 (UTC +04:00)
Avropa İqtisadiyyat, Ticarət və Sənaye Palatası (EEIG) Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda investisiyaların artırılmasına yardım etməyə hazırdır.
EEIG Azərbaycanın qeyri-neft sektorunda investisiyaların artırılmasına yardım etməyə hazırdır

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir N.İsmayılova/

Avropa İqtisadiyyat, Ticarət və Sənaye Palatası (EEIG) Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda investisiyaların artırılmasına yardım etməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə palatanın Azərbaycandakı nümayəndəliyinin prezidenti Nizami Piriyev çərşənbə günü jurnalistlərə bildirib.

Palata oktyabrın 19-da "Maliyyə vəsaitlərinin səmərəli şəkildə cəlb edilməsi. Beynəlxalq və yerli bazarlar" mövzusunda seminar təşkil edib.

"Azərbaycan sərmayədarlar üçün cəlbedicidir. Məlum olduğu kimi, son 10 il ərzində ölkə iqtisadiyyatına 83 milyard manat həcmində sərmayə yatırılıb, 2012-ci il üzrə proqnozlar isə 13,5 milyard manat təşkil edir", - Piriyev deyib.

Onun sözlərinə görə, ilk belə seminar 2009-cu ilin dekabrında Londonda keçirilib.

"İndi seminar ilk dəfə Azərbaycanda keçirilir və başlıca məqsədi ölkə iqtisadiyyatının qeyri-neft sektoruna investisiyaların cəlb edilməsidir", - o deyib.

Tədbiri "PASHA Bank" ASC-nin sponsorluğu ilə EEIG-in Azərbaycandakı nümayəndəliyi təşkil edib.

Azərbaycanın yüksəkvəzifəli şəxslərinin iştirakı ilə keçiriləcək seminarda aparıcı beynəlxalq maliyyə və hüquq konsaltinq şirkətlərini təmsil edən (Grant Thornton, Simmons&Simmons və s.) yüksəksəviyyəli konsultantlar öz təcürbələrini bölüşəcəklər.

Əlaqələrin qurulması üçün nəzərdə tutulmuş şam yeməyi zamanı yeni insanlarla işgüzar tanışlıq imkanı olacaq.

Avropa İqtisadiyyat,Ticarət və Sənaye Palatası (EEİG) 1985-ci ildə Belçikanın paytaxtı Brüssel şəhərində təsis olunmuş, beynəlxalq miqyasda fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır. EEİG-nin dünyanın 42 ölkəsində nümayəndəlikləri var, Azərbaycanda o, 2008-ci ildən fəaliyyət göstərir. Palatanın əsas məqsədi Azərbaycanın və Aİ ölkələrinin işgüzar dairələri arasında əməkdaşlığa və təcrübə mübadiləsinə kömək göstərməkdir.

Xəbər lenti

Xəbər lenti