Azərbaycan, Bakı, 20 oktyabr /Trend/
"Atəşgah" Sığorta Qrupuna daxil olan "Atəşgah Həyat" Sığorta Şirkəti (SŞ) ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşlarının sığortalanması üzrə elan edilən tenderin qalibi olub. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə axşamı yaydığı məlumatda deyilir.
Tərəflər arasında bağlanan müqaviləyə əsasən, "Atəşgah Həyat" səfirlik əməkdaşlarının könüllü həyat sığortasını həyata keçirib.
"Atəşgah Həyat" SŞ könüllü həyat sığortası xidmətini həm fiziki, həm də hüquqi şəxslərə təklif edir.
Azərbaycanda ilk həyat sığortası şirkəti olan "Atəşgah Həyat" 1998-ci ilin martında təsis edilib və "Sığorta fəaliyyəti haqqında" qanuna uyğun olaraq, 2008-ci ilin dekabrında həyat sığortası xidmətləri göstərmək üçün qeydiyyatdan keçib.
Şirkət həyat sığortası üzrə həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta və sağalmaz xəstəliklərdən sığorta xidmətlərini təklif edir.
"Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilib. Şirkətin səhmdarları Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), eləcə də kommersiya təşkilatları olan - ISR Holding və RAN-Eksim-dir.
"Atəşgah Həyat" SŞ, "Atəşgah" SŞ və "İntermed" Tibb Klinikası "Atəşgah" Sığorta Qrupuna daxildir.
2010-cu ilin nəticələrinə əsasən, "Atəşgah" SQ Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında 3-cü yerdə durur. Bu dövr ərzində qrupun sığorta haqları 15,6 milyon manat, ödənişləri isə 5,3 milyon manat təşkil edib. Şirkət müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.
Oktaybrın 20-nə olan rəsmi məzənnə 0,7870 AZN/USD təşkil edir.