Azərbaycan, Bakı, 21 oktyabr /Trend/
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Türkiyə Prezidentinin iqtisadiyyat üzrə baş məsləhətçisi, Türkiyə Mərkəzi Bankının sabiq sədri Durmuş Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bankdan cümə günü Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan iqtisadiyyatının ümumi vəziyyəti, bank sektorunda aparılan islahatlar və iki ölkə arasında qarşılıqlı iqtisadi münasibətlər, o cümlədən bank sistemləri arasında əməkdaşlıq barədə müzakirələr aparılıb.
Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycan və Türkiyə arasında iqtisadi, o cümlədən bank sahəsində əlaqələrin uğurla inkişaf etdiyini bildirərək, hər iki ölkənin mərkəzi bankları və bütövlükdə bank sektorları arasında gələcək əməkdaşlığın böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Rüstəmov, həmçinin Azərbaycanda bank sektorunun inkişafi istiqamətində görülmüş işlər barədə görüş iştirakçılarına məlumat verərək, 2011-ci ilin ötən dövründə bank sisteminin əsas göstəricilərini nümayəndə heyətinin diqqətinə çatdırıb.
Nümayəndə heyətinin başçısı Azərbaycanın maliyyə-bank sektorunda görülən tədbirləri yüksək qiymətləndirərək ölkəmizlə əməkdaşlıqdan məmnun olduğunu bildirib. Türkiyə və Azərbaycan iqtisadiyyatı arasında intensiv əlaqələrin qurulduğunu vurğulayan nümayəndə heyətinin üzvləri bu əlaqələrin gələcəkdə də uğurla davam etdiriləcəyini qeyd edib.
Görüşdə həmçinin ölkələr arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri də müzakirə edilib.