...

Azərbaycan Mərkəzi Bankı bankları risk-menecment strategiyasında düzəlişlər etməyə çağırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2011 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı (AMB) yerli bankları risk-menecment strategiyasında düzəlişlər etməyə çağırır. Trend-in məlumatına görə, bu barədə AMB-nin baş direktoru Rəşad Orucov şənbə günü Bakıda "Böhrandan sonrakı dövrdə banklarda risklərin idarə olunması" mövzusuna həsr olunmuş forumda bildirib.

Forumun təşkilatçıları Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) və Mərkəzi-Avrasiya Bank Federasiyasıdır.

"Son üç-dörd il ərzində "risk" sözü daha çox işlənməyə başlayıb. Lakin bazardakı qeyri-müəyyən vəziyyət dövründə riskləri anlamaq və tənzimləmək çətindir. Azərbaycanın bank sektoru belə qeyri-müəyyənlik dövründə öz davamlılığını qoruyub saxlaya bilib. Və indi biz qarşımıza yeni və daha çətin məqsədlər qoyuruq", - Orucov deyib.

Onun sözlərinə görə, böhranın əsas katalizatorları dövri tərəddüdləri gücləndirən artım, həddindən artıq kredit borcları, eləcə də kreditlərin riskin yüksək olduğu sektorlarda cəmləşməsidir.

"Bankların davranışında əsas tendensiya risklər və gəlirlər arasında balansın olmasıdır. Biz gələcəkdə banklardan risk-menecment strategiyasına yenidən baxılmasını və qlobal iqtisadi böhran dövründə əldə olunan təcrübəyə uyğun dəyişdirilməsini gözləyirik", - o deyib.

Orucov hesab edir ki, banklar qarşısında duran daha bir mühüm məsələ əlverişli korporativ idarəetmə mühitinin, kommunikasiya sistemlərinin yaradılması, insan kapitalına kreditlərin artırılmasıdır.

Forum Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) "Maliyyə sabitliyi üçün tərəfdaşlar" layihəsi çərçivəsində keçirilib. Əsas məqsədi bank rəhbərləri ilə böhrandan sonrakı dövrdə risklərin idarə olunması sahəsində tendensiya və problemlərin idarə olunması, eləcə də informasiya mübadiləsidir.

Seminar çərçivəsində ABTM-nin direktoru Cavanşir Abdullayev, "Bank Polski"nin risklər üzrə baş inzibatçısı Kristof Dresler, eləcə də üç orta ABŞ bankının təkrar təşkilini həyata keçirən baş icraçı inzibatçı Con Dorlan öz təqdimatlarını keçiriblər.

Forum Müşahidə şuralarının, Direktorlar şuralarının, region banklarının idarəetmə və auditor komitələrinin üzvləri, eləcə də risklər üzrə baş direktorlar (CEO) və baş menecerlər üçün nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti