...

Azərbaycan və Gürcüstanın baş nazirləri bağlı qapılar arxasında görüş keçiriblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2011 15:37 (UTC +04:00)
Gürcüstanın Dövlət dəftərxanasında çərşənbə axşamı Azərbaycanın Baş naziri Artur Rasizadə və gürcü həmkarı Nika Qilauri arasında görüş keçirilib.
Azərbaycan və Gürcüstanın baş nazirləri bağlı qapılar arxasında görüş keçiriblər

Gürcüstan, Tbilisi, 20 dekabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Dövlət dəftərxanasında çərşənbə axşamı Azərbaycanın Baş naziri Artur Rasizadə və gürcü həmkarı Nika Qilauri arasında görüş keçirilib. Görüş bağlı qapılar arxasında baş tutub.

Trend-in məlumatına görə, daha sonra geniş tərkibdə Gürcüstan-Azərbaycan hökumətlərarası iclası keçiriləcək.

Görüşə qədər Artur Rasizadə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Tbilisinin qədim hissəsindəki büstünə və Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların abidəsinə əklil qoyub.

Azərbaycan Baş nazirini Gürcüstanın infrastruktur və regional inkişaf naziri Ramaz Nikolaişvili, eləcə də energetika və təbii ehtiyatlar naziri Aleksandr Xetaquri qarşılayıb və müşayiət ediblər.

Azərbaycan və Gürcüstan iqtisadi planda sıx əməkdaşlıq edirlər. Azərbaycan qazı və neftinin nəqlinin əsas ixrac marşrutları Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə Gürcüstan ərazisindən keçir. ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstanın enerji bazarında fəal iştirak edir. Bu gün tərəflər Bakı-Tbilisi-Qars marşrutu üzrə dəmiryolun açılması sahəsində birgə layihəni həyata keçirirlər. Bu layihə çərçivəsində Azərbaycan Gürcüstana 775 milyon dollar kredit verib.

Azərbaycan Gürcüstanın iri ticarət tərəfdaşları sırasında ikinci yeri tutur.

Xəbər lenti

Xəbər lenti