...

"DəmirBank" Qara dəniz Ticarət və İnkişaf Bankı ilə növbəti kredit müqaviləsini imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Yanvar 2012 16:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 yanvar /Trend/

Azərbaycan bankı "DəmirBank" Qara dəniz Ticarət və İnkişaf Bankından yeni maliyyə vəsaitinin cəlb olunmasına dair razılaşma imzalayıb. Bankdan cümə axşamı Trend-ə verilən məlumata görə, müqaviləyə əsasən, Qara dəniz Ticarət və İnkişaf Bankı tərəfindən "DəmirBank"a 15 milyon ABŞ dolları məbləğində vəsait ayrılacaq.

"DəmirBank" Qara dəniz Ticarət və İnkişaf Bankı ilə 2006-cı ildən əməkdaşlıq edir. Bu müqavilə tərəflər arasında bağlanılan üçüncü müqavilədir. Beş il müddətinə imzalanan bu müqavilə üzrə 15 milyon ABŞ dolları məbləğində vəsait sahibkarlığın müxtəlif sahələrinə mikro, kiçik və orta həcmli biznes kreditlərinin verilməsinə yönəldiləcək. Ümumilikdə 2011-ci il ərzində DəmirBank-a beynəlxalq təşkilatlar tərəfindən digər müqavilələr üzrə təxminən 40 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb", - bankın idarə heyətinin sədr müavini Yusif Cabbarov bildirib.

"DəmirBank" kredit proqramları üzrə 20-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq edir. Bu sırada Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Niderland İnkişaf Maliyyə Şirkəti (FMO), Qara dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG Almaniya İnvestisiya Şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, USAID və digər beynəlxalq təşkilatları qeyd etmək olar.

Ölkənin ilk banklarından olan "DəmirBank" (əvvəlki adı "Azərdəmiryolbank") 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Niderland İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Xəbər lenti

Xəbər lenti