...

"AccessBank" Azərbaycanın regionlarında öz filial şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2012 19:00 (UTC +04:00)
"AccessBank" 2012-ci ilə Azərbaycanın şimalında, ölkənin qədim şəhərlərindən biri olan Qubada yeni filial açmaqla qədəm qoyub.
"AccessBank" Azərbaycanın regionlarında öz filial şəbəkəsini genişləndirir

Azərbaycan, Bakı, 11 yanvar /Trend/

"AccessBank" 2012-ci ilə Azərbaycanın şimalında, ölkənin qədim şəhərlərindən biri olan Qubada yeni filial açmaqla qədəm qoyub. Bu filialın açılması ilə bankın filiallarının ümumi sayı 30-a çatıb.

Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, AccessBank-ın filiallarının böyük əksəriyyəti kimi, yeni filial da həm fiziki, həm də hüquqi şəxslərə tam çeşidli bank xidmətləri göstərəcək. Bu xidmətlərə cari və əmanət hesablarının, eləcə də VISA plastik kartların açılması, həm ölkə daxilində, həm də xarici ölkələrə pul köçürmələri, kiçik biznes və istehlak kreditlərinin verilməsi daxildir. Azərbaycanın regionlarının iqtisadi inkişafında aparıcı investorlardan biri olan AccessBank hazırda kənd təsərrüfatının maliyyələşdirilməsi üzrə aparıcı bank hesab olunur. Bununla əlaqədar olaraq, "Quba" filialının həm öz regionunda, həm də qonşu rayonlarda kənd təsərrüfatı sektorunun inkişafına böyük töhfə verəcəyi gözlənilir.

"AccessBank-ın filiallarının sayı ildən-ilə artaraq tədricən ölkənin bütün regionlarını əhatə edir. Regionlarda filial şəbəkəsinin genişlənməsi, əhaliyə bütün növ bank xidmətlərinin göstərilməsinə və bütünlüklə respublikada biznesin inkişafına kömək etməklə, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına imkan yaradır", - AccessBank-ın baş meneceri Andrev Pospilovski filialın açılışını şərh edərək deyib.

АccessBank-ın missiyası, aşağı və orta gəlirli Azərbaycan ailələrinə, eləcə də mikro və kiçik sahibkarlara maliyyə xidmətləri göstərməkdən ibarətdir. АccessBank beynəlxalq Fitch reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (BB+), həmçinin Global Finance (2011) və Euromoney Nəşriyyat Qrupu (2010-2011) tərəfindən "Azərbaycanın ən yaxşı bankı", The Banker nəşri tərəfindən isə "İlin bankı" adına layiq görülüb.

AccessBank 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, KfW Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti