...

Daha bir Azərbaycan şirkəti İcbari Sığorta Bürosuna daxil olur

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2012 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir A.Axundov/

Azərbaycanın "Rəvan Sığorta" sığorta şirkəti "Sığortanın icbari növləri haqqında" qəbul edilmiş yeni qanunun tələblərinə uyğun olaraq yaradılan İcbari Sığorta Bürosunun iştirakçısı olmağı planlaşdırır. Bu barədə bazar ertəsi Trend-ə şirkətdən məlumat verilib.

"İcbari sığortalar haqqında" qanunun 2011-ci ilin sonlarından tətbiqinə başlanılıb. Qanun icbari sığortanın dörd növünü - daşınmaz əmlakın, avtonəqliyyat vasitələri sahiblərinin məsuliyyət, sərnişinlərin və daşınmaz əmlakın istismarı zamanı vətəndaş məsuliyyətinin sığortalanmasını tənzimləyir.

"Biz Maliyyə Nazirliyinə artıq müraciət etmişik və sərnişinlərin icbari sığortasından başqa bütün növlər üzrə icazə almaq niyyətindəyik", - şirkətdən bildiriblər.

Büronun təsisçiləri 6 şirkətdir - "Paşa Sığorta", "Atəşgah Sığorta", "Ata Sığorta", AXA MBASK, "Xalq Sığorta" və "Standard Insurance". Daha sonra büroya "AzSığorta" üzv qəbul edilib.

Maliyyə Nazirliyi kollegiyasının qərarı ilə sığorta növləri üzrə məşğul olmağa icazə almaq üçün ödəniş həcmləri avtonəqliyyat vasitələri sahiblərinin məsuliyyətinin icbari sığortası üçün 200 min manat, sərnişinlərin sığortalanması üçün 200 min manat, daşınmaz əmlakın sığortalanması üçün 100 min manat və daşınmaz əmlakın istismarı zamanı vətəndaş məsuliyyətinin sığortalanması üçün 100 min manat səviyyəsində müəyyənləşdirilib.

Azərbaycanda 29 sığorta və bir təkrar sığorta şirkəti fəaliyyət göstərir. Bununla yanaşı, "Fidan Sığorta" şirkətinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

"Rəvan Sığorta" sığorta şirkəti (əvvəllər "Star Alyans Sigorta" ASC adlanırdı) Azərbaycan bazarında 1998-ci ildən fəaliyyət göstərir. 2007-ci ildə "Nurgun Sirketler Qrupu"nun "Ifsen group" şirkətinə satılıb.

"Rəvan Sığorta" sığortanın 19 könüllü növü üzrə fəaliyyət göstərir.

Yanvarın 16-na olan rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti