Bakı aeroportundan reyslərin yola salınması haqqında məlumat əlavə olunub (ilk xəbər 09:53-də yayılıb)
Azərbaycan, Bakı, 28 yanvar/Trend müxbirlər S. Əliyev, A. Axundov/
"Bakıelektrikşəbəkə" ASC (Bakıda elektrik enerjisinin paylanması və satışı) gücləndirilmiş iş rejimində işləyir. Bu barədə şənbə günü Trend-ə SC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, yanvarın 28-nə keçən gecəsi və bu gün səhər elektrik enerjisinin verilməsinin qəza səbəbilə dayandırılması ilə bağlı heç bir zəng daxil olmayıb.
Mustafayev qeyd edib ki, istənilən problemin qarşısını almaq və aradan qaldırmaq üçün işçi ehtiyatı və texnikası tam hazır vəziyyətə gətirilib.
AZAL QSC-dən isə Trend-ə verilən məlumata görə, bu gün ancaq Krasnodardan Bakıya gələn reys gecikir. Lakin bu, reysin Krasnodardan gec uçması ilə əlaqədardır. Həmin reys Bakıya yerli vaxtla saat 10:50-də çatacaq.
Heydər Əliyev Beynəlxalq Hava Limanı normal rejimdə işləyir və cədvəl üzrə təyyarələri qəbul edir və yola salır. Lakin aeroportdan qeyd ediblər ki, təyyarələrin göndərilməsinin gecikməsinə səbəb onlara yola salmazdan öncə göstərilən texniki köməkdir.
Heydər Əliyev Hava Limanından bildiriblər ki, Bakı vaxtı ilə saat 10:10-da uçmalı olan Bakı-Tbilisi reysi yubanıb. O, yarım saat ərzində uçmalıdır.
Azərbaycanda pisləşən hava şəraitinə və qara baxmayaraq, bütün istiqamətlər üzrə avtobus reysləri cədvələ uyğun həyata keçirilir. Bu barədə şənbə günü Trend-ə Bakı Beynəlxalq və Şəhərlərası Avtovağzalından məlumat veriblər.
"Avtobuslar demək olar ki, bütün reyslər üzrə vaxtında yola düşüblər, ancaq Şəki və "Qırmızı Körpü"yə reyslər hələlik gecikir, həmin istiqamətlər üzrə avtobuslar 1 saat gecikmə ilə gedir" , - avtovağzaldan deyiblər.
Həm ölkə, həm xaricə qalan bütün reyslər üzrə avtobuslar normal işləyir.
"Yolda qalan avtobuslarla bağlı məlumat yoxdur" , - avtovağzaldan bildiriblər.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, güclü külək səbəbilə respublikanın Qərb istiqamətində qatarların sürəti məhdudlaşıb. Onun sözlərinə görə, lakin güclü qar və temperaturun aşağı düşməsi respublikada və xaricdən reyslərin həyata keçirilməsinə təsir etməyib.
Xatırladaq ki, hazırda ölkə ərazisində havanın temperaturu iqlim normasından 2, Bakıda isə 2,6 dərəcə aşağıdır.
Bunu öncə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, yanvar ayının sonuna kimi ölkə üzrə temperaturun iqlim normasından hətta 3-4 dərəcə aşağı ola biləcəyi gözlənilir.
Hazırda Bakıda qarlı və şaxtalı hava şəraiti hökm sürür.