...

Azərbaycan transfert qiymətlərinin formalaşması üzərində vergi nəzarətinin tətbiqi imkanlarını araşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2012 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 fevral /Trend müxbir N.İsmayılova/

Azərbaycanda innovasiyaların dəstəklənməsi siyasəti və iqtisadiyyatın strukturunun formalaşması çərçivəsində vergi sisteminin stimullaşdırıcı rolu artırılacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda keçirilən "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" forumunda çıxış edən vergilər naziri Fazil Məmmədov bildirib.

"Azərbaycan Prezidentinin qarşımıza qoyduğu çox ciddi vəzifələrdən biri də bundan ibarətdir ki, yaxın illərdə büdcənin cari xərcləri əsasən vergi daxilolmaları hesabına ödənilməli, neft fondundan transfertlər isə yalnız irimiqyaslı investisiya layihələrinə yönəldilməlidir" , - Məmmədov qeyd edib.

Onun sözlərinə görə, bunun üçün dövlət büdcəsinin gəlirlərinin ciddi artımına nail olunmalıdır.

"Lakin bu, vergi yükünün artması hesabına deyil, iqtisadi artım templərinin yüksəldilməsi, iqtisadi inkişafı stimullaşdıran vergi inzibatçılığının və sahibkarlarla tərəfdaşlıq münasibətlərinin, eləcə də vergi nəzarətinin gücləndirilməsi nəticəsində vergitutma bazasının genişləndirilməsi hesabına olmalıdır", - nazir deyib.

Onun sözlərinə görə, ölkədə vergilərə cəlb edilməli xeyli potensial mövcuddur. Vergilər Nazirliyi transfert qiymətlərinin formalaşması kimi həssas bir sahə üzərində vergi nəzarətinin tətbiqi istiqamətində araşdırmalara başlayıb. Nazirlik, həmçinin ölkədə nağdsız ödəmələrin inkişafına dəstək göstərir.

"Hesab edirik ki, nağdsız ödənişlərin həcminin artırılması vergitutma bazasının əhəmiyyətli şəkildə genişlənməsi üçün mühüm mənbələrdən biridir və Azərbaycanda bu sahə yaxın zamanlarda qabaqcıl Avropa ölkələrində mövcud olan səviyyəyə çatdırılmalıdır" , - Məmmədov qeyd edib.

Xəbər lenti

Xəbər lenti