...

Azərbaycanda şaxta nəticəsində sıradan çıxmış su sayğacları pulsuz dəyişdiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2012 11:21 (UTC +04:00)
Azərbaycanın su operatoru "Azərsu" ASC şaxta nəticəsində yararsız hala düşmüş su sayğaclarını öz vəsaiti hesabına yeniləri ilə əvəz etməyi planlaşdırır.
Azərbaycanda şaxta nəticəsində sıradan çıxmış su sayğacları pulsuz dəyişdiriləcək

Azərbaycan, Bakı, 13 fevral / Trend, müxbir A.Axundov /

Azərbaycanın su operatoru "Azərsu" ASC şaxta nəticəsində əhalinin yararsız hala düşmüş su sayğaclarını öz vəsaiti hesabına yeniləri ilə əvəz etməyi planlaşdırır. Bu barədə bazar ertəsi Trend-ə şirkətdən məlumat verilib.

"Hələlik belə sayğacların dəqiq sayı hesablanır. Təkcə Bakının Səbail rayonundan bu məsələ ilə bağlı 200-dən artıq müraciət daxil olub", - məlumatda bildirilib.

Məlumata görə, havaların istiləşməsi sıradan çıxmış sayğacların sayını artıracaq.

"Sayğaclar ən qısa müddətdə "Azərsu"nun vəsaitləri hesabına yeniləri ilə əvəz ediləcək", - şirkətin məlumatında deyilir.

Məlumatda bildirilir ki, magistral xəttlərdə problem yoxdur, su şəhərə bütün mənbələrdən daxil olur. Şirkətin "qaynar xətt"inə daxil olan müraciətlər əsasən borularda suyun donması ilə bağlıdır.

Məlumata görə, son günlərdə həmin borularda qəzaların sayı ciddi şəkildə artıb.

"Xüsusilə şəxsi evlərdəki su borularında suyun donması halları müşahidə olunur. Havanın hərarəti qalxdıqca borulardakı suyun donu açılır. İndi həmin borulardakı problemlər aşkara çıxır və su sızıb axır. Təkcə dünən 58 belə hal qeydə alınıb. Bu gün havanın temperaturu artıb, ona görə də onların sayı daha da çoxalacaq", - şirkətdən bildirilib.

Hava şəraiti ilə əlaqədar su operatoru gücləndirilmiş iş rejiminə keçib.

Xəbər lenti

Xəbər lenti