...

AKKORD korporasiyasının Nizamnamə Kapitalının məbləği 100 mln. ABŞ dollarından artıq təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2012 13:23 (UTC +04:00)
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti Azərbaycanın və ümumilikdə, Cənubi Qafqazın inşaat-tikinti sektorunun liderlərindən biri olmaqla ölkə daxilində və ölkə hüdudlarından kənarda iri həcmli tikinti-inşaat və investisiya layihələrini həyata keçirməkdə davam edir.
AKKORD korporasiyasının Nizamnamə Kapitalının məbləği 100 mln. ABŞ dollarından artıq təşkil edib

Azərbaycan, Bakı, 14 fevral /Trend/

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti Azərbaycanın və ümumilikdə, Cənubi Qafqazın inşaat-tikinti sektorunun liderlərindən biri olmaqla ölkə daxilində və ölkə hüdudlarından kənarda iri həcmli tikinti-inşaat və investisiya layihələrini həyata keçirməkdə davam edir. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Akkord Korporasiyasının əsas missiyası Azərbaycanın müasir tikinti tarixində layiqli iz qoymaq, vacib regional layihələrdə iştirak etməklə Qafqaz və Avrasiyanın sənaye-investisiya sektorunda nüfuzunu möhkəmlətməkdən ibarətdir. Başqa sözlə, Akkord Korporasiyasının məqsədi Azərbaycan hüdudlarını aşan, beynəxalq səviyyədə rəqabətə davamlı transmilli korporasiyaya çevrilməkdir.

Bu istiqamətdə atılan növbəti addımlardan biri Akkord Korporasiyanın nizamnamə kapitalının həcminin artırılması olmuşdur. Belə ki, Korporasiyanın səhmdarlarının 10 yanvar 2012-ci il tarixli növbədənkənar ümumi yığıncağında Korporasiyanın səhmdarları tərəfindən əlavə qoyulan 60.001.275 manat ödəniş hesabına mövcud səhmlərin nominal dəyərinin artırılması qaydasında Korporasiya tərəfindən hər birinin nominal dəyəri 17,50 manat məbləğində 4.800.102 ədəd adi, adlı sənədsiz səhmlərin buraxılması və Korporasiyanın nizamnamə kapitalının 24.000.510 manatdan 84.001.785 manata çatdırılması (106 mln. ABŞ dolları civarında) qərara alınıb.

Akkord Korporasiyanın Səhmdarlarının Ümumi Yığıncağının qərarına uyğun olaraq, Korporasiya tərəfindən buraxılmış səhmlərin dövlət qeydiyyatına alınması üçün müvafiq dövlət orqanına müraciət edilmiş və hər birinin nominal dəyəri 17,50 (on yeddi manat əlli qəpik) manat məbləğində 4.800.102 (dörd milyon səkkiz yüz min bir yüz iki) ədəd adi, adlı sənədsiz səhmlər 24 yanvar 2012-ci il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınmışdır. Buraxılmış səhmlərin səhmdarlar arasında yerləşdirilməsi ilə bağlı "Milli Depozit Mərkəzi" QSC-yə müraciət edilmiş və buraxılmış səhmlərin səhmdarlar arasında yerləşdirilməsi başa çatdırılıb.

Akkord Korporasiyasının nizamnamə kapitalının 100 mln. ABŞ dollarından artıq həcmə çatdırılması, bir Azərbaycan şirkətinin, iri həcmli kapitalizasiyaya nail olmaqla, beynəlxalq bazarlarda rəqabət və investisiya potensialının gücləndirilməsi və həmçinin dayanaqlı maliyyə durumu üçün möhkəm zəmin yaradır. Hal-hazırda Akkord Korporasiyası Azərbaycandan başqa Gürcüstan, Qazaxıstan, Əfqanıstan, Türkiyə, Ukrayna və Özbəkistanda infrastruktur və biznes layihələrini həyata keçirməkdədir. Eyni zamanda, Avropa Birliyinin ölkələrində işgüzar əlaqələri gücləndirmək məqsədilə bu yaxınlarda Almaniyanın Frankfurt şəhərində Akkord Korporasiyasının nümayəndəliyi təsis edilib.

Fevralın 14-nə rəsmi məzənnə 0,7861 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti