...

Mixail Saakaşvili: Azərbaycan Gürcüstanın əsas investorlarından biridir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2012 19:06 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 16 fevral /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvili Azərbaycanı əsas investorlardan biri adlandırıb.

"Azərbaycan son dövr ərzində Gürcüstana 800 milyon dollar investisiya qoyub. Bu, yeni iş yerləri və iqtisadiyyatımızın inkişafı deməkdir", - Trend-in məlumatına görə, bu barədə cümə axşamı Saakaşvili Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan ilə görüşündə bildirib.

Saakaşvilinin sözlərinə görə, azərbaycanlı turistlərin Gürcüstana axını artır ki, bu da xalqlar arasında münasibətlərin inkişafına kömək edir və bu, çox vacibdir.

O bildirib ki, ötən il azərbaycanlılar təkcə Batumiyə deyil, həmçinin Borjomi, Sairme, Sxaltubo kimi kurortlara fəal səfər ediblər.

Gürcüstan Prezidenti ölkənin qazlaşdırılması işində Azərbaycanın köməyini xüsusi qeyd edib.

"Bu çətin və soyuq qışda biz bir daha Azərbaycan kimi etibarlı tərəfdaşın olması zərurətini hiss etdik və yaxın müddətdə dostlarımızın köməyi ilə Gürcüstanda bütün evlərdə qaz və isti olacaq", - o deyib.

Mustafayev öz növbəsində qeyd edib ki, Azərbaycan Gürcüstan və Türkiyənin enerji təhlükəsizliyini təmin edir. O qeyd edib ki, Gürcüstanın tranzit imkanlarından daha səmərəli istifadə etmək lazımdır.

Xəbər lenti

Xəbər lenti