...

Özbəkistan Tacikistana qaz tədarükünü tamamilə dayandırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Mart 2012 12:49 (UTC +04:00)
Özbəkistan aprelin 1-dən Tacikistana təbii qaz tədarükünü tamamilə dayandıracaq.
Özbəkistan Tacikistana qaz tədarükünü tamamilə dayandırır

Azərbaycan, Bakı, 24 mart /Trend/

Özbəkistan aprelin 1-dən Tacikistana təbii qaz tədarükünü tamamilə dayandıracaq. Trend-in məlumatına görə, bu barədə şənbə günü Tacikistanın enerji qurumundan "Asia Plus"a bildiriblər.

Mənbənin sözlərinə görə, Özbəkistan tərəfinin tacikistanlı həmkarlarına ünvanladığı məktubda tədarükün dayandırılması qaz ehtiyatlarının çatışmazlığı ilə izah edilir.

"Lakin bu izahatla razılaşmaq çətindir. Ən azından ona görə ki, hazırda Özbəkistanda sutkalıq qaz istehsalı 200 milyon kubmetrdən çox təşkil edir. Bu, praktiki olaraq, 2012-ci il ərzində özbək qazının Tacikistana tədarük edilən həcminə bərabərdir", - mənbə deyib.

O güman edir ki, əslində Özbəkistanın belə addımı daha çox tərəflər arasında Tacikistanın şimalındakı "Fərhad" bəndi ilə bağlı ziddiyətlə izah edilir.

"Bu bəndin ərazisi və "Fərhad" su anbarı hələ 1933-cü ildə 40 il müddətinə Özbəkistana icarəyə verilib. Hərçənd bu müddət keçib, qonşular torpağı qaytarmaq istəmirlər. Hazırda Özbəkistan bəndi və su anbarını əldə etməyə çalışır ki, buna da Tacikistan tərəfi hələ razılıq vermir", - o qeyd edib.

Bu arada "Taciktransqaz" ASC özbək qazının ölkəyə tədarükünün dayandırılması haqqında məlumatı nə təkzib, nə də şərh edib.

Xəbər lenti

Xəbər lenti