...

FAO-nun Bakıda keçiriləcək Avropa üzrə 28-ci regional konfransının proqramı açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2012 16:51 (UTC +04:00)
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə 28-ci regional konfransı və Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci sessiyası aprelin 17-20-də Bakıda keçiriləcək.
FAO-nun Bakıda keçiriləcək Avropa üzrə 28-ci regional konfransının proqramı açıqlanıb

Azərbaycan, Bakı, 10 aprel /Trend/

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə 28-ci regional konfransı və Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci sessiyası aprelin 17-20-də Bakıda keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, konfrans həftəsi çərçivəsində aprelin 16-da Avropa Qeyri-Hökumət Təşkilatları/Vətəndaş Cəmiyyətləri Məsləhətləşmə tədbiri də təşkil ediləcək.

Avropa üzrə 28-ci regional konfransa Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ev sahibliyi edəcək.

Tədbirdə FAO-nun Avropa və Mərkəzi Asiya regionuna daxil olan 53 üzv ölkəsinin, Avropa Komissiyasının yüksəksəviyyəli rəsmilərinin iştirakı gözlənilir. Bununla yanaşı, BMT-nin digər təşkilatları, bir sıra hökumətlərarası və beynəlxalq qeyri-hökumət təşkilatları konfransda müşahidəçi qismində iştiraka dəvət olunub.

Kənd Təsərrüfatı üzrə Avropa Komissiyası Avropa üzrə regional konfransa hazırlıq tədbiridir. Aprelin 17-18-də keçiriləcək Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci sessiyanın gündəliyinə təşkilatın Avropa və Mərkəzi Asiya regionu üçün 2012-2013-cü illər üzrə iş proqramı və büdcəsinin müzakirəsi, həmçinin torpaq və gender bərabərliyi məsələləri üzrə debatların aparılması daxil edilib.

Aprelin 19-20-də keçiriləcək regional konfransın əsas məqsədi 2012-2013-cü illər üzrə FAO-nun region üzrə iş proqramının və büdcəsinin təsdiq edilməsi, kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahələrinin inkişaf etdirilməsi sahəsində 2014-2015-ci illər üzrə region üçün prioritetləri müəyyənləşdirməkdən ibarətdir.

Regional konfrans çərçivəsində aprelin 19-da "Regionda ərzaq təhlükəsizliyi üzrə siyasətlər, bu sahədə perspektivlər və çətinliklər - 2050-ci ildə ərzaq vəziyyəti" mövzusunda nazirlərin görüşü keçiriləcək. Görüş üzv ölkələrə təqdim ediləcək 2050-ci ilə qədər olan dövr üçün gözləntilər və hesablamalar üzrə hazırlanmış konsepsiya sənədi ətrafında debatların aparılmasına, regional və qlobal ərzaq təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş xüsusi qisa və uzunmüddətli tövsiyələrin hazırlanmasına, siyasi fəaliyyətlər və institusional islahatlar ətrafında müzakirələrin aparılmasına imkan yaradacaq.

Regional konfrans həftəsi çərçivəsində regionun üzv ölkələrindən olan nümayəndə heyətləri və müşahidəçilər arasında fikir mübadiləsi və müzakirələr platformasını təmin edəcək bir sıra paralel tədbirlərin və kiçik sərgilərin təşkil edilməsi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti