...

“İqtisadi təhlükəsizlik yastığı” davamlı inkişafa möhkəm zəmin yaratmışdır - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2012 01:57 (UTC +04:00)
“İqtisadi təhlükəsizlik yastığı” davamlı inkişafa möhkəm zəmin yaratmışdır.
“İqtisadi təhlükəsizlik yastığı” davamlı inkişafa möhkəm zəmin yaratmışdır - nazir

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bazar ertəsi günü Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

İclasda vergilər naziri Fazil Məmmədov çıxış etmişdir.

"Bu ilin birinci rübü ərzində Azərbaycan iqtisadiyyatının inkişaf tendensiyasının davamı nəticəsində ümumi daxili məhsulun həcminin artımı ilə yanaşı, qeyri-neft sektorunda 7,7 faizlik artıma nail olunmuş, ölkədə muzdla işləyənlərin orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 8,5 faiz yüksələrək 368,5 manat, əhalinin gəlirləri 13,9 faiz artaraq 7 milyard 231,6 milyon manat təşkil etmiş, hər nəfərə düşən gəlirlər isə 12,3 faiz artmışdır. Milli valyutanın sabit kursunun saxlanılması və əhalinin ümumi gəlirlərinin yüksəlməsi fonunda inflyasiyanın cəmi 3,1 faiz təşkil etməsi hesabat rübündə banklara qoyulan əmanətlərin həcminin 4,3 faiz artmasına səbəb olmuşdur", - Məmmədov deyib.

Onun sözlərinə görə, "İqtisadi təhlükəsizlik yastığı" olan strateji valyuta ehtiyatlarının makroiqtisadi riskləri tam neytrallaşdıra bilən səviyyəyə çatması, iqtisadi artımın qeyri-neft sektorundan qaynaqlanması, inflyasiyanın optimal idarə olunan birrəqəmli səviyyədə saxlanması davamlı inkişafa möhkəm zəmin yaratmışdır.

"İcazə verin, 2012-ci ilin birinci rübü ərzində dövlət büdcəsinə daxilolmalar üzrə proqnozların icrası, görülmüş işlər və qarşıda duran vəzifələr barədə ali diqqətinizə məruzə edim.

Hesabat dövründə dövlət büdcəsinə 3 milyard 487,7 milyon manat və ya ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz və yaxud 719,3 milyon manat çox vəsait daxil olmuşdur. Daxilolmanın 1 milyard 390,4 milyon manatı Vergilər Nazirliyinin, 251,7 milyon manatı Dövlət Gömrük Komitəsinin, 1 milyard 839,8 milyon manatı isə Dövlət Neft Fondunun xətti ilə təmin edilmişdir.

Cari ilin birinci rübündə dövlət büdcəsinin xərcləri 2 milyard 843,2 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 755,8 milyon manat və ya 36,2 faiz çox icra olunmuşdur.

Xərclərin 41,4 faizi və ya 1 milyard 178 milyon manatı sosialyönümlü olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 178 milyon manat və ya 17,8 faiz çox olmuşdur. Bu ilin birinci rübündə dövlət büdcəsindən investisiya xərclərinə 1 milyard 15 milyon manat vəsait yönəldilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faiz çoxdur", - nazir bildirib.

Fazil Məmmədovun sözlərinə görə, Vergilər Nazirliyinin xətti ilə 2012-ci ilin birinci rübündə dövlət büdcəsinə neft-qaz sektoru üzrə 598,7 milyon manat, qeyri-neft-qaz sektoru üzrə isə 791,7 milyon manat vəsait daxil olmuşdur.

"Eyni zamanda, qeyri-neft-qaz sektoru üzrə daxilolmalarda ötən ilin müvafiq dövrünə nisbətən 111,5 milyon manat və ya 16,4 faiz, o cümlədən sənayedə 28,1 faiz, tikintidə 27,5 faiz, xidmət sahəsində 19,1 faiz, pərakəndə ticarətdə isə 11,2 faiz artıma nail olunmuşdur.

Regionların inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarının icrası nəticəsində 2012-ci ilin birinci rübündə ötən ilin müvafiq dövrünə nisbətən regionlar üzrə vergi daxilolmaları 13,3 faiz artaraq 110 milyon manat olmuş, ümumi vergi daxilolmalarının 8 faizini, qeyri-neft sektoru üzrə daxilolmaların isə 14 faizini təşkil etmişdir. Məlumat üçün bildirmək istərdim ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasına başlanılana qədər icmal büdcənin tərkibində vergi daxilolmalarında bu rəqəm cəmi 5,5 faiz, məruzə edim ki, cənab Prezident, birinci proqramdan əvvəl isə 3,2 faiz idi", - nazir bildirib.

Xəbər lenti

Xəbər lenti