...

Vaşinqtonda İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasının III iclası öz işinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2012 00:49 (UTC +04:00)
Çərşənbə günü Vaşinqtonda İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasının III iclası öz işinə başlayıb.
Vaşinqtonda İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasının III iclası öz işinə başlayıb

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Çərşənbə günü Vaşinqtonda İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasının III iclası öz işinə başlayıb. Bu barədə Trend-ə Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikası tərəfindən komissiyanın həmsədri, maliyyə naziri Samir Şərifovun, ABŞ tərəfindən isə dövlət katibinin iqtisadi inkişaf, energetika və ətraf mühit məsələləri üzrə müavini Robert Hormatsın həmsədrliyi ilə keçirilən iclasda ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın perspektivləri müzakirə edilib.

İclası amerikalı həmsədr Robert Hormats açaraq ABŞ-ın Azərbaycan ilə qarşılıqlı əlaqələrin inkişafında və ölkələrarası dostluq münasibətlərinin daha da dərinləşdirilməsində maraqlı olduğunu, münasibətlərin inkişaf etdirilməsi üçün səy göstərildiyini, komissiyanın fəaliyyətinin qarşılıqlı faydalı əməkdaşlıqda vacib rol oynadığını qeyd edib.

Robert Hormats bildirib ki, Azərbaycan son illərdə böyük iqtisadi nailiyyətlər əldə edib ki, bu da çox təqdirəlayiqdir. Amerikalı həmsədr bütün bu nailiyyətlərə məhz Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi sayəsində nail olunduğunu vurğulayıb, bu göstəricilərin Dünya Bankının 2011-ci il üzrə hesabatlarında öz əksini tapdığını və bankın ekspertləri tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

"ABŞ Azərbaycanda ölkə vətəndaşlarının maraqlarına xidmət edən modern iqtisadiyyatın inkişaf etdirilməsini alqışlayır. Ölkələrimiz təkcə enerji sahəsində deyil, qeyri-neft sektorunun ortaq maraqlara cavab verən istiqamətləri üzrə də əməkdaşlığı genişləndirməlidirlər. Eyni zamanda, Azərbaycanın əlverişli coğrafi mövqeyi beynəlxalq nəqliyyat dəhlizi kimi ölkənin əhəmiyyətini daha da artırır", - o deyib.

Hormats Birləşmiş Ştatlardan olan iş adamlarının Azərbaycanda bir çox sahələr üzrə investisiya qoymaqda maraqlı olduqlarını vurğulayaraq, bunun üçün, ilk növbədə, milli strategiyanın yaradılmasının vacibliyini önə çəkib.

Azərbaycan tərəfindən komissiyanın həmsədri Samir Şərifov iclasda bildirib ki, birgə səylər nəticəsində əlaqələr hərtərəfli genişlənib və dərinləşib, Azərbaycan ilə Birləşmiş Ştatların münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Şərifov deyib ki, Prezident İlham Əliyev Hökumətlərarası Komissiyanın üzvlərinə ABŞ və Azərbaycan arasındakı hazırkı əlaqələrin daha da genişləndirilməsi üçün səyləri artırmağı tapşırıb.

ABŞ tərəfindən "Azadlığın dəstəklənməsi aktı"na 1992-ci ilin oktyabrında əlavə edilmiş "907-ci düzəliş"in hələ də qüvvədə olduğunu təəssüflə qeyd edən Şərifov artıq bu düzəlişin ləğv edilməsinin vaxtının çatdığını bildirib. "Azərbaycan ABŞ-ın strateji tərəfdaşıdır və "907-ci düzəliş"in hələ də qüvvədə qalması iki dövlət arasındakı münasibətlərə adekvat deyil", - o deyib.

Samir Şərifov, həmçinin qeyd edib ki, ABŞ təhlükəsizlik və enerji üzrə strateji tərəfdaşı olan Azərbaycana dair diskriminasiya xarakterli və köhnəlmiş Cekson-Venik tələblərini də aradan qaldırmalıdır. Bu düzəlişin bir sıra ölkələrə şamil olunmasının və digərlərinə şamil olunmamasının müəyyən suallar doğurduğunu vurğulayan komissiyanın azərbaycanlı həmsədri bildirib ki, Dövlət Departamenti tərəfindən Konqres qarşısında məsələ qaldırılmalı və nəhayət, bu düzəlişin ləğv edilməsinə nail olunmalıdır.

Tərəflər iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlıq sahələrində ciddi irəliləyişlərə nail olunduğunu, yüksək səviyyəli qarşılıqlı səfərlərin baş tutduğunu və əlaqələrin inkişaf etdirilməsi üçün geniş hüquqi baza yaradıldığını bildiriblər.

Xəbər lenti

Xəbər lenti