...

Ağsuda "Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır" mövzusunda konfrans keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2012 15:15 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti regionlarda istehlakçıların maarifləndirilməsi tədbirlərini davam etdirir.
Ağsuda "Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır" mövzusunda konfrans keçirilib

Azərbaycan, Bakı, 27 aprel /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti regionlarda istehlakçıların maarifləndirilməsi tədbirlərini davam etdirir.

İİN-dən Trend-ə verilən məlumata görə, "Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır" mövzusunda növbəti tədbir aprelin 27-də Ağsu rayonunda təşkil edilmişdir. Konfransda Səhiyyə və Kənd Təsərrüfatı nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Ağsu Rayon İcra Hakimiyyətinin, ictimai təşkilatların nümayəndələri və 300-dən çox istehlakçı iştirak etmişdir.

Konfransı giriş sözü ilə açan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Vidadi Quliyev Azərbaycan iqtisadiyyatının davalı inkişafı davam etdiyini, əhalinin sosial rifahının daha da yaxşılaşdığını, məşğulluğun artdığını vurğulamışdır. Bütün bunlar əhalinin artan təlabatının daha dolğun ödənilməsinə, istehlakçıların seçim imkanının genişləndirilməsinə şərait yaratmaqla, istehlakçıların hüquqlarının daha etibarlı təmin olunmasını zəruri edir. Qeyd edilmişdir ki, istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət kəsb edir. Belə ki, istehlakçılar öz hüquqlarını bilməli və onların fəal müdafiəçisi olmalıdırlar.

Sahibkarlar isə istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı vəzifələrinə əməl etməlidirlər. Dövlət Xidməti tərəfindən ötən il sahibkarlara və istehlakçılara 13 adda 160 min ədəd buklet paylanmışdır. Bu il də istehlakçıların maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilmiş, 2012-ci ilin yanvar-mart aylarında istehlakçıların maarifləndirilməsi məqsədilə 13 adda 18 min buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 6 adda 1000-ə yaxın yaddaş kitabçası çap edilərək sahibkarlara və istehlakçılara paylanmışdır.

Dövlət Xidməti tərəfindən 2012-ci ilin yanvar-mart ayları ərzində həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 13,6 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilmişdir.

İnzibati xətaya yol vermiş təsərrüfat subyektlərinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 442,7 min manat cərimə tətbiq olunmuşdur. Bundan başqa, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol vermiş təsərrüfat subyektlərinə 20,4 min manat maliyyə sanksiyası tətbiq edilmişdir.

Son illərdə istehlakçıların maarifləndirilməsi sahəsində aparılan işlər daha da genişləndirilmiş, sosial reklam çarxlarının televiziya kanallarında yayımlanması təşkil olunmuşdur. Hazırda KİV ilə istehlakçıların maarifləndirilməsi istiqamətində əməkdaşlıq edilir, müxtəlif mal və xidmətlər üzrə materiallar dərc edilir, birgə televiziya verilişləri hazırlanır.

Dövlət Xidməti tərəfindən xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində də müvafiq maarifləndirici tədbirlər həyata keçirilir.

Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları "İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr", "Hər bir istehlakçı öz hüquqlarını bilməlidir", "Ərzaq malları alarkən nələrə diqqət yetirməli" mövzularında məruzələrlə çıxış etmiş, tədbir iştirakçılarının suallarını cavablandırmışlar.

Konfrans çərçivəsində iştirakçılara istehlakçı hüquqlarına dair maarifləndirici materiallar da paylanmışdır.

Xəbər lenti

Xəbər lenti