...

Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi elektron xidmətlərin tətbiqi ilə müşayiət edilməlidir - DB

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2012 13:39 (UTC +04:00)
Son 10 ildə Azərbaycan böyük inkişaf yolu keçib və orta gəlirləri yüksək səviyyədə olan ölkələr qrupuna daxil olub.
Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi elektron xidmətlərin tətbiqi ilə müşayiət edilməlidir - DB

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir A.Axundov/

Son 10 ildə Azərbaycan böyük inkişaf yolu keçib və orta gəlirləri yüksək səviyyədə olan ölkələr qrupuna daxil olub. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Dünya Bankının (DB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Cozef Ouen "Əmlakın idarə olunması və qeydiyyatında elektron xidmətlər: şəffaflığın və səmərəliliyin təmin olunması" mövzusunda ictimai təqdimat zamanı bildirib.

"Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, gələcəkdə biznes mühitinin yaxşılaşdırılması üzrə işləri davam etdirmək lazımdır və bunun üçün dövlət orqanlarının elektron xidmətləri tətbiq etməsi əhəmiyyətlidir", - Ouen deyib.

Onun fikrincə, həmçinin bu işə vətəndaşların cəlb edilməsi vacibdir.

"Elektron hökumət"in yaradılması üçün bütün dövlət strukturlarının iştirakı lazımdır. Bununla belə, nəzərə almaq lazımdır ki, elektron xidmətlərin tətbiqindən əldə edilən mənfəət xərclərdən çox olacaq", - DB nümayəndəliyinin rəhbəri qeyd edib.

Azərbaycanın Dövlət Əmlak Məsələləri Komitəsinin sədri Kərəm Həsənovun fikrincə, elektron xidmətlərin göstərilməsi qeydiyyat prosedurunu sadələşdirəcək və sürətləndirəcək, vətəndaşlar və məmurlar arasında ünsiyyəti minimuma endirəcək, hərracların səmərəli keçirilməsini təmin edəcək.

"Bütün bunlar əmlakın idarə edilməsi və qeydiyyatında şəffaflığı və səmərəliliyi yüksəldəcək, biznes mühitinin yaxşılaşdırılması və daşınmaz əmlak bazarının inkişafına təkan olacaq", - Həsənov deyib.

Onun sözlərinə görə, DB ilə birgə Azərbaycanda keçirilən daşınmaz əmlakın qeydiyyatı layihəsi çərçivəsində 700 mindən çox daşınmaz əmlak obyekti üzrə məlumatın kağızlardan elektron formata keçirilməsi təmin edilir.

"Qeydiyyat və elektron arxivlərin yaradılması haqqında sənədlərin elektron formata keçirilməsi nəticəsində daşınmaz əmlakın qeydiyyatı üzrə xidmətlərin göstərilməsində vaxt itkisi aradan qaldırılır və operativliyin artırılması üçün imkanlar genişlənir", - Dövlət Komitəsinin sədri vurğulayıb.

Onun sözlərinə görə, layihə çərçivəsində daşınmaz əmlak hüququnun qeydiyyatı sahəsində göstərilən xidmətlərin səviyyəsini yüksəltmək üçün lazım olan çevik və etibarlı informasiya sistemi formalaşdırılır.

Xəbər lenti

Xəbər lenti