...

ABŞ-ın və dünyanın aparıcı məruzəçiləri metanolun dünya iqtisadiyyatı üçün əhəmiyyətini qeyd ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2012 10:20 (UTC +04:00)

ABŞ-ın Enerji Təhlükəsizliyi üzrə Şurası tərəfindən keçirilən "Metanol Siyasəti üzrə Forum-2012" bərpa olunan enerji mənbəyi kimi metanolun dünya iqtisadiyyatı üçün əhəmiyyətini müzakirə edən ünlü məruzəçiləri və beynəlxalq auditoriyanı özünə cəlb etmişdir.

Bu yaxınlarda ABŞ-ın Enerji Təhlükəsizliyi üzrə Şurası (USESC) və Metanol İnstitutunun birgə əməkdaşlığı ilə Vaşinqtonda, Kolumbiya federal dairəsi, Metanol Siyasəti üzrə Forumun təntənəli açılışı keçirildi. Bu Forumda sənaye səmərələşdiriciləri, federal agentliklərin əməkdaşları və konqresmenlərlə ünsiyyət yaratmaq üçün dünyanın bütün bölgələrindən gələn 175-dən artıq iştirakçı toplaşmışdı. Bərpa olunan enerji mənbələrinin istifadəsi sahəsində dünya sənayesi üçün böyük əhəmiyyətə malik olan bu tədbir dörd iclasdan və nahar masası ətrafında müzakirələrdən ibarət idi.

Forumda ABŞ-da təbii qazın stabil olaraq aşağı qiymətləri ilə yaradılan bazarlardan başlayaraq bərpa olunan enerji mənbəyi sayılan metanolun hal-hazırda həyata keçirilən qlobal təcrübə proqramlara daxil olunması yollarının işlənib hazırlanmasına qədər ən müxtəlif mövzular müzakirə olunurdu.

Tədbir Energetika Departamentinin sədrinin Siyasi və Beynəlxalq məsələlər üzrə köməkçisi David Sandalounun iştirakçıları video salamlaması ilə başlamışdı. Xüsusilə, cənab Sandalou öz nitqində bunları bəyan etmişdi: "Metanol nəqliyyat yanacağı kimi bir çox cəlbedici xüsusiyyətlərə malikdir. Hal-hazırda təbii qazın qiymətlərinin aşağı və neftin qiymətlərinin yuxarı olduğu bir şəraitdə, metanol istehlakçıların yanacaqdoldurma məntəqələrində yanacağın alınmasına sərf etdikləri xərclərini azaltmağa kömək edə bilərdi. Biz Energetika Departamentində bu sahə üzrə əlavə tədqiqatların aparılmasını planlaşdırırıq. Nəzərdən keçirilən mövzular arasında bunları göstərmək olar: Metanolu az qatılıq dərəcələri ilə və yaxud digər üsullardan istifadə edərək maye yanacağa qatmaqla, neftin metanolla qlobal miqyasda əvəz edilməsinin potensialı necədir? Yuxarıda qeyd olunan problemlərdən bəzilərini ən yaxşı hansı üsulla həll etmək olar? Biz bu mövzuların tədqiq edilməsində sizinlə və başqaları ilə əməkdaşlıq etməyə hazırıq" - cənab Sandalou bildirmişdir.

Çinin Şanksi əyalətinin (metanolun tətbiqi sahəsində aparıcı bölgədir) keçmiş Qubernatoru cənab Vanq Maolin öz doğma əyalətində metanolla aparılan təcrübələrdən əldə olunmuş uğurları təqdim etdi: "Benzinin və dizel yanacağının metanolla əvəz olunmasının qarşısında duran əsas texniki əngəllər ümumilikdə aradan götürülmüşdür", cənab Vanq bəyan etdi. O, bildirki ki, keçən il ərzində Şanksi əyalətində metanol əsaslı benzinin istehsalı 6 milyon tondan artıq təşkil etmişdir və növbəti bir neçə il ərzində Çinin yollarına çoxyanacaqlı mühərriklərlə təchiz edilmiş yüz minlərlə avtomobil çıxacaqdır.

Xüsusi olaraq Metanol Siyasəti üzrə Forumda iştirak etmək üçün Vaşinqtona səfər edən cənab Vanq Maolin həm də Çin Təmiz Avtomobillər və Spirt və Efir Əsaslı Yanacaq Növləri Assosiasiyasının Fəxri sədridir.

Həmçinin, konfrans çərçivəsində ABŞ-ın Enerji Təhlükəsizliyi üzrə Şurasının üzvləri ilə nahar masası ətrafında görüş də keçirildi. Bu görüş çərçivəsində aparılan müzakirələrdə diqqət rəqabətli nəqliyyat yanacağı bazarının açılmasının vacibliyinə yönəldilmişdi.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Robert MakFarleyn alternativ enerji mənbələrinin əhəmiyyətini qeyd edərək, dedi: "Biz yanacaqdoldurma məntəqələrində rəqabət yaratmalıyıq. Yeganə yanacaq mənbəyindən əl çəkmək üçün biz indiki kimi əlverişli şəraitə hələ heç vaxt malik olmamışıq. Ətraf mühit şərtləri, dövlət təhlükəsizliyi və iqtisadiyyat - bunların hamısı bizim xarici siyasətimizə təsir edən amillərdir və bu təsirin gücü getdikcə daha da artmaqdadır".

ABŞ-ın Enerji Təhlükəsizliyi üzrə Şurasının digər üzvləri də cənab Makfarleyni dəstəkləyərək, nəqliyyat yanacağı bazarına alternativ enerji mənbələri ilə bağlı olan həll yollarının nüfuz etməsinin, eləcə də Amerikanın və bütün dünyanın neftdən asılılığının azaldılması məqsədilə rəqabətin yaradılmasının müstəsna vacibliyini xüsusi olaraq nəzərə çatdırdılar.

Mənbə: www.openfuelstandard.org

Xəbər lenti

Xəbər lenti