...

Azərbaycan CAREC çərçivəsində nəqliyyat dəhlizinin inkişafına 6 milyard dollar ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2012 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir A.Axundov/

Azərbaycan CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) proqramı çərçivəsində nəqliyyat dəhlizinin inkışafı ilə bağlı işlərin həyata keçirilməsinə təqribən 6 milyard dollar ayırıb.

Bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının mayın 2-5-də Manilada keçirilən 45-ci illik toplantısında bildirib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi nazirliyin yaydığı məlumatda deyilir.

Nazir AİB Rəhbərlər Şurasının gələcəkdə də CAREC proqramını fəal dəstəkləməsinin vacibliyini qeyd edib.

Onun sözlərinə görə, bu proqram çərçivəsində Çin, Pakistan və Mərkəzi Asiya dövlətlərindən malların Azərbaycan ərazisi üzərindən nəql edilməklə Türkiyə və Cənubi Avropa bazarlarına çatıdırılması istiqamətində işlər görülməlidir.

"Azərbaycan CAREC proqramını dəstəkləyir. Bu nəqliyyat dəhlizinin inkişaf etdirilməsi işlərinə Azərbaycan dövləti tərəfindən təxminən 6 milyard dollar məbləğində vəsait ayrılıb. Bu vəsaitin Xəzər dənizində ən iri ticarət limanının tikilməsinə, quru yük daşımaları üçün gəmilərin və dəmiryol bərələrinin, neft məhsullarının daşınması üçün isə dəniz tankerlərinin alınmasına, Azərbaycanla Gürcüstanı birləşdirən magistral avtomobil yolunun 4 zolağadək genişləndirilərək yenidən qurulmasına, eyni zamanda, dəmiryolun yenidən tikilməsinə, habelə Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində Gürcüstanla Türkiyəni birləşdirən yeni dəmiryolun çəkilməsi üçün Gürcüstan hökumətinə güzəştli kreditin təmin olunmasına yönəldilməsi nəzərdə tutulub", - nazir deyib.

Azərbaycanın AİB ilə hazırkı əməkdaşlığını yüksək qiymətləndirən nazir bu əməkdaşlığın daha da gücləndiriləcəyini və gələcəkdə də bankla birgə layihələrə dəstək veriləcəyinin vacibliyini qeyd edib.

"Xüsusilə infrastrukturun inkişafı, elektrik enerjisinin paylanması, su təchizatı və kanalizasiya, yol təsərrüfatının inkişafı bundan sonra da AİB ilə əməkdaşlığın əsas istiqamətlərini təşkil edəcək", - Şərifov vurğulayıb.

Toplantı çərçivəsində nazir bir sıra işgüzar görüşlər keçirib. AİB prezidenti Haruhiko Kuroda ilə görüş zamanı Azərbaycandakı sosial-iqtisadi inkişaf, ölkənin davamlı iqtisadi artım və diversifikasiyası, AİB tərəfindən Azərbaycanda maliyyələşdirilən layihələrin hazırkı icra vəziyyəti və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Şərifov Kurodaya Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb və rəsmi Bakının 2015-ci ildə bankın Rəhbərlər Şurasının 48-ci illik toplantısına ev sahibliyi etməsinə dair müraciətinə dəstək verdiyi üçün öz təşəkkürünü bildirib.

Xəbər lenti

Xəbər lenti