...

Mərkəzi Bank: "Texnikabank" gələcəkdə təqaüdlərin verilməsinə buraxıla bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 May 2012 09:00 (UTC +04:00)
Azərbaycanın Mərkəzi Bankı (AMB) "Texnikabank"ın gələcəkdə ölkədə təqaüdlərin verilməsinə cəlb ediləcəyini istisna etmir.
Mərkəzi Bank: "Texnikabank" gələcəkdə təqaüdlərin verilməsinə buraxıla bilər

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir A.Axundov/

Azərbaycanın Mərkəzi Bankı (AMB) "Texnikabank"ın gələcəkdə ölkədə təqaüdlərin verilməsinə cəlb ediləcəyini istisna etmir. Bu barədə çərşənbə günü Trend-ə Mərkəzi bankın idarə heyətinin sədri Elman Rüstəmov bildirib.

"Texnikabank" Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun keçirdiyi təqaüdlərin plastik kartlar vasitəsilə ödənilməsi sisteminin təşkili üzrə elan edilmiş tenderin qalibi olan üç şirkətdən biridir. Lakin AMB "Texnikabank"ın cari vəziyyətini nəzərə alaraq, təqaüdlərin verilməsində risk etməmək üçün banka iştirak etməyə icazə verməyib.

Azərbaycanda təqaüdlər əvvəlki kimi iki bank - Azərbaycan Beynəlxalq Bankı və Kapital Bank vasitəsilə veriləcək.

"İndiki vəziyyəti nəzərə alaraq, biz "Texnikabank"ın bu həssas sosial layihədə iştirakını təqaüdçülər üçün riskli hesab edirik. Dövlət Sosial Müdafiə Fondunun müraciətinə cavab olaraq, biz bu prosesi sürətləndirməmək, bankda vəziyyətin sabitləşdirilməsini gözləmək və yalnız bundan sonra bu bankın təqaüdlərin verilməsində iştirakına baxmağı tövsiyə etdik", - Rüstəmov bildirib.

Onun sözlərinə görə, hazırda səhmdarlar bankın idarəsini möhkəmləndirirlər.

"Texnikabank" ASC-nin bazar ertəsi keçirilən səhmdarların növbədənkənar ümumi yığıncağında idarə heyətinin yeni tərkibi təsdiq edilib. Mansurov Ülvi Eldar oğlu bankın idarə heyətinin sədri, Səfərov Yaşar Xasay oğlu idarə heyəti sədrinin birinci müavini, Gəray-zadə Ayaz Tofik oğlu idarə heyəti sədrinin müavini, Hüseynov Orxan Ziyad oğlu və Hacıyev Cəmin Mikayıl oğlu isə idarə heyətinin üzvü təyin olunublar.

"Texnikabank" ölkənin bank bazarında 1993-cü ildən fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti