Azərbaycan, Bakı, 11 may / Trend, müxbir A.Axundov /
"Fitch" beynəlxaq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli investisiya reytinqini BBB- səviyyəsində təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat verib.
"Azərbaycanın reytinqinin investisya səviyyəsində saxlanması aparılan davamlı islahatlar nəticəsində ölkənin iqtisadi qüdrətinin əhəmiyyətli dərəcədə güclənməsini, dinamik sosial-iqtisadi inkişafını və insanların rifah halının yaxşılaşmasını əks etdirir", - nazirlik agentliyə istinadən məlumat verir.
Məlumata görə, neftdən daxil olan gəlirlər, olduqca ehtiyyatlı və düşünmüş büdcə siyasəti ölkənin maliyyə gücünü əhəmiyyətli dərəcədə artırıb, nəzərəçarpan dərəcədə valyuta ehiyatları yaratmağa imkan verib və inflyasiyanı idarəolunan səviyyədə saxlayıb.
"Qeyri-neft sektorunda gedən surətli inkişaf rəqabətədavamlı milli iqtisadiyyatın formalaşdırılmasına və inkişaf dinamikasının sürətləndirilməsinə, habelə yoxsulluğun əhəmiyyətli dərəcədə aşağı salınmasına, insan kapitalı ilə bağlı bir çox məsələlərin həll olunmasına zəmin yaratmışdır", - məlumatda qeyd olunur.
Agentlik Azərbaycan iqdisadiyyatının artıq dünya iqtisadiyyatının tərkib hissəsinə çevrildiyini və ölkənin istənilən geosiyasi risklərə dayanıqlılığını da xususi vurğulayır.