...

Azərbaycan ilə Çinin regionları arasında əlaqələrin inkişafı üçün böyük potensial var (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2012 19:14 (UTC +04:00)
İqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri başa çatıb.
Azərbaycan ilə Çinin regionları arasında əlaqələrin inkişafı üçün böyük potensial var (FOTO)

Azərbaycan, Bakı, 18 iyun /Trend/

İqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri başa çatıb. Nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, Naxçıvan MR-in iqtisadi inkişaf naziri Famil Seyidov, İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Azərbaycan İnvestisiya Şirkətinin, "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin nümayəndələri, həmçinin iş adamları daxil olub.

İqtisadi İnkişaf Nazirliyinin Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində Çinin iki şəhərində biznes forumlar təşkil olunub. Biznes forumlarda bank, sığorta, sənaye, tikinti, konsaltinq, nəqliyyat, əczaçılıq, tekstil, şərabçılıq və s. sahələrdə fəaliyyət göstərən ümumilikdə 300-ə yaxın iş adamı iştirak edib.

Pekində və Quançjouda keçirilmiş biznes forumlar işgüzar dairələr tərəfindən maraqla qarşılanıb və iş adamları arasında əməkdaşlığa dair ilkin razılaşmalar əldə olunub.

Çin Xalq Respublikasının kommersiya nazirinin müavini, Azərbaycan-Çin hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Conq Şan, Quançjou əyalətinin Xarici Ticarət və İqtisadiyyat Departamentinin rəhbəri Lianq Qui Xuan çıxışlarında Azərbaycan nümayəndə heyətinin Çinə səfərindən məmnunluğunu ifadə edib, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında sahibkarların rolunu vurğulayıblar.

Biznes forumlar çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib, əməkdalığın genişləndirilməsi imkanları müzakirə edilib.

Çinə səfər çərçivəsində iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib.

Çinin Kommersiya naziri Çen Deminq ilə keçirilmiş görüşdə iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, iqtisadi sahədə Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, Çinin regionları ilə əlaqələrin inkişafı üçün böyük potensialın olduğu qeyd edilib.

Görüşdə nazir Şahin Mustafayev Azərbaycanın tranzit imkanları, xüsusilə Bakı-Tbilisi-Qars layihəsinin əhəmiyyəti barədə geniş məlumat verib, ölkəmizdə sənaye parklarının yaradılması istiqamətində işlərin aparıldığını və Çinin bu sahədə geniş təcrübəyə malik olduğunu vurğulayaraq Çin şirkətlərini bu layihədə iştiraka dəvət edib. Həmçinin, görüşdə turizm və humanitar sahədə, xüsusilə də təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Azərbaycan nümayəndə heyəti ilə Çinin kommersiya nazirinin müavini, Azərbaycan-Çin hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Conq Şan arasında keçirilmiş görüşdə iki ölkə arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə olunub.

Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr idarəsinin rəhbəri Ai Pinq ilə keçirilmiş görüşdə ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlıq etdiyi, siyasi sahədə əlaqələrin yüksək səviyyədə olduğu, iqtisadi əməkdaşlığın inkişaf etdiyi vurğulanıb.

Çinin Şenjen şəhərinin vitse-qubernatoru Zhang Ven ilə görüşdə Şenjen ilə Azərbaycan arasında ticarət əlaqələrinin inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib. Azərbaycan nümayəndə heyətinə məlumat verilib ki, Şenjen şəhəri əsasən informasiya kommunikasiya texnologiyaları, maliyyə-bank, mədəniyyət və turizm sahəsində inkişaf edib və Çində ilk xüsusi iqtisadi zona məhz burada yaradılıb.

Azərbaycan nümayəndə heyəti ilə Quançjou əyalətinin vitse-qubernatoru Liu Zhigeng arasında keçirilmiş görüşdə iqtisadi-ticarət, investisiya, enerji və turizm sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Zhigeng Azərbaycanın turizm imkanları ilə tanış olmaq istədiklərini bildirib, əyalətin sənaye parklarının tikintisi sahəsində böyük təcrübəyə malik olduğunu vurğulayıb. Nazir Şahin Mustafayev çinli iş adamlarını Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, eləcə də sənaye parklarının yaradılması layihələrində fəal iştiraka dəvət edib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Quançjou Sənaye Parkının, eləcə də bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olub.

Xəbər lenti

Xəbər lenti