Azərbaycan, Bakı, 6 iyul /Trend/
İyulun 3-də Nazirlər Kabinetində ölkə Prezidenti İlham Əliyevin 2012-ci il aprelin 10-da İnşaatçılar Günü münasibətilə imzaladığı sərəncamla fəxri ad və mükafatlara layiq görülmüş inşaatçıların qəbulu keçirilib.
Tədbirdə respublikamızın inşaat-tikinti sektorunun liderlərindən olan "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin müvafiq sərəncamla mükafatlandırılmış nümayəndələri - İsmayılov Aslan Çopur oğlu və Orucov Rəhman Əli oğlu da iştirak ediblər. Bu barədə cümə günü Trend-ə ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Prezidentin sərəncamına uyğun olaraq Korporasiyanın İnfrastruktur Tikintisi Departamentinin körpü-tunel tikintisi üzrə direktoru Aslan İsmayılova "Əməkdar mühəndis" fəxri adının medalı və vəsiqəsi, həmin departamentin Texniki şöbəsinin rəisi Rəhman Orucova isə "Tərəqqi" medalı və vəsiqəsi təqdim edilib.
İyulun 4-də "Akkord" Korporasiyasının rəhbər və işçi kollektivi bu əlamətdar hadisə münasibətilə təşkil edilən korporativ tədbirdə oz həmkarlarını təbrik edib və onlara xatirə hədiyyələri təqdim ediblər.