...

FAO-nun Bakıda əlaqələndirmə ofisi ilin sonunadək açıla bilər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2012 15:26 (UTC +04:00)
Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktorunun xüsusi müşaviri Məhəmməd Ruiqinin rəhbərliyi ilə ölkəmizdə səfərdə olan missiyanı qəbul edib.
FAO-nun Bakıda əlaqələndirmə ofisi ilin sonunadək açıla bilər (FOTO)

Azərbaycan, Bakı, 10 iyul /Trend/

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktorunun xüsusi müşaviri Məhəmməd Ruiqinin rəhbərliyi ilə ölkəmizdə səfərdə olan missiyanı qəbul edib.

Kənd Təsərrüaftı Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, missiyanın əsas məqsədi FAO-nun Bakıda əlaqələndirmə ofisinin açılması ilə bağlı Azərbaycanın aidiyyəti dövlət qurumları ilə müzakirələr aparmaq və tərəflərin öhdəliklərini təfsilatlı şəkildə müzakirə etməkdən ibarətdir.

FAO missiyası ilə görüş zamanı nazir Azərbaycanda iqtisadiyyatın diversifikasiyası, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində hökumətin səylərinin dəstəklənməsində FAO tərəfindən ölkəmizdə həyata keçirilən layihələrin və bu təşkilatın mütərəqqi təcrübəsinin rolunun təqdirəlayiq olduğunu vurğulayıb.

Abasov cari ilin aprel ayında Bakı şəhərində keçirilmiş FAO-nun Avropa üzrə 28-ci regional konfransı ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev və FAO-nun baş direktoru Jose Qratsiano da Silva arasında keçirilmiş görüşü və görüş zamanı FAO ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın yeni müstəviyə qədəm qoyması üzrə tərəflərin razılığını xatırladaraq, FAO-nun Bakıda əlaqələndirmə ofisinin açılması ilə bağlı ən yüksək səviyyədə siyasi iradə və dəstəyin olduğunu müqabil tərəfin diqqətinə çatdırıb. Nazir, həmçinin FAO-nun Bakıda əlaqələndirmə ofisinin açılmasının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən şəxsən dəstəklənməsinin ölkəmizin aqrar sahədə beynəlxalq əməkdaşlığa, ələlxüsus, bu sahədə ən mötəbər qurumlardan biri olan FAO ilə əməkdaşlığa verdiyi önəmin göstəricisi kimi qiymətləndirib.

FAO baş direktorunun xüsusi müşaviri Məhəmməd Ruiqi isə öz növbəsində təşkilatın baş direktorunun salamlarını nazirə çatdıraraq səmimi qəbula görə təşəkkürünü bildirib. O, FAO-nun Bakıda əlaqələndirmə ofisinin açılması təşəbbüsünün Azərbaycan Prezidenti tərəfindən dəstəklənməsinin ölkəmizin qısamüddətli dönəmdə milli, regional və uzunmüddətli dönəmdə qlobal ərzaq təhlükəsizliyi üzrə səylərə verəcəyi töhfə kimi qiymətləndirib.

O, həmçinin əlaqələndirmə ofisinin açılması ilə bağlı ilkin müsbət qərar olacağı təqdirdə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət heyətin digər ölkələrdə əlaqələndirmə ofislərinin fəaliyyəti və iş prinsipi ilə tanış olmaq məqsədilə bu ofislərin yerləşdiyi ölkələrə səfərinin təşkil edilməsinin mümkünlüyünü qeyd edib.

Müqabil tərəf təmsil etdiyi qurumun Bakıda əlaqələndirmə ofisinin açılması ilə bağlı işlərin cari ilin sonunadək yekunlaşdırılması niyyətində olduğunu bildirib.

Görüşün sonunda nazir Abasov FAO tərəfindən aclığa və yoxsulluğa qarşı qlobal səylərin səmərəliliyinin artırılması məqsədilə təşkilat tərəfindən üzv ölkələrin siyasi liderləri ilə siyasi dialoqun genişləndirilməsi, kənd təsərrüfatı nazirləri ilə birbaşa təmasların sayının artırılması və onların FAO tədbirlərində bilavasitə iştirakı üzrə öz tövsiyələrini verib. O, həmçinin FAO-nun yeni rəhbərliyinin səyləri nəticəsində təşkilatın işində artıq baş verməkdə olan müsbət meyilləri alqışlayaraq aclığa və yoxsulluğa qarşı effektiv mübarizənin yeganə yolunun yalnız dünya ictimaiyyətinin bütün üzvlərinin yaxından iştirakı ilə mümkün olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti