...

MONEYVAL Azərbaycana qarşı formal hesabatlıq rejimini aradan qaldırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2012 19:07 (UTC +04:00)
Fransanın Strasburq şəhərində Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PY/TMM) tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) 39-cu plenar iclası keçirilib.
MONEYVAL Azərbaycana qarşı formal hesabatlıq rejimini aradan qaldırıb

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir A.Axundov/

Fransanın Strasburq şəhərində Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PY/TMM) tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) 39-cu plenar iclası keçirilib.

İclasda Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlının rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib. Bu barədə Trend çərşənbə axşamı QKDK-nin rəsmi saytına istinadən məlumat verir.

Plenar iclasın gündəliyinə Komitə tərəfindən 2010-cu ildə MONEYVAL-a üzv ölkələrin 3-cü mərhələ qiymətləndirməsinin nəticələri əsasında hazırlanmış "horizontal icmal"a əsasən Azərbaycana təqdim olunmuş tövsiyələrin icra vəziyyətinə dair müzakirələr daxil edilib.

Plenar iclasın gedişində Azərbaycan nümayəndə heyəti müvafiq istiqamətdə ölkədə həyata keçirilmiş işlərin statusuna dair hesabat təqdim edib. Müzakirələrin yekunu olaraq Komitə hökümət tərəfindən tövsiyələrin icrası istiqamətində əldə edilmiş tərəqqini nəzərə alaraq, ölkəmizə qarşı tətbiq edilən formal hesabatlıq rejiminin aradan qaldırılmasına dair qərar qəbul edib.

İclasın gedişində Komitə tərəfindən Latviya Respublikasında aparılmış 4-cü mərhələ qiymətləndirmənin yekunları müzakirə edilib, bu əsnada Azərbaycan nümayəndə heyətinin üzvü Anar Salmanovun Komitənin Latviya üzrə hüquqi məsələlərə dair qiymətləndiricisi qismində hazırladığı hesabat da müzakirə edilərək qəbul edilib.

Plenar iclasın gündəliyinə müvafiq olaraq növbəti 40-cı iclasda tərəqqi hesabatları dinləniləcək ölkələrin siyahısı da təsdiq edilib, Azərbaycan Moldovanın 2-ci tərəqqi hesabatı üzrə hüquq məsələlərinə dair məruzəçi ölkə təyin edilib.

Bundan başqa, iclasın gündəliyinə uyğun olaraq MONEYVAL-a üzv olan bir sıra dövlətlərin birgə qiymətləndirmə hesabatları, tərəqqi hesabatları, habelə "xüsusi monitorinq rejimi" və "horizontal icmal" çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) tövsiyələri üzrə çatışmazlıqları mövcud olan ölkələrin hesabatları da müzakirə olunub.

Azərbaycan nümayəndə heyəti plenar iclasın gündəliyində olan bütün məsələlərin müzakirəsində fəal şəkildə iştirak edib və ölkəmizin maraqlarına uyğun mövqe bildirib.

Xəbər lenti

Xəbər lenti