Azərbaycan, Bakı, 11 iyul /Trend/
Sərinləşdirici içkilər bazarında monitorinqlər davam etdirilir.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məktəb küçəsi, 4 a ünvanında Süleyman Süleymanova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı portağal, qarağat nektarlarının və qazlı suların uyğunluq sertifikatı olmadan istehsal edildiyi, düşes və tərxun sərinləşdirici içkilərinin saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətlərdən artıq göstərildiyi aşkar edilib. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bundan başqa, yoxlama zamanı albalı, şaftalı, qarağat və portağal nektarlarının etiketlərində məhsulun xaricdə istehsalı barədə istehlakçıda yanlış təəssürat yaradan sözlərin ("Cherry nectar", "Peach nectar", "Black-Currant nectar", "Orange nectar") yazıldığı müəyyən edilib.
Müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.
Araşdırmalar davam edir.