...

Mərkəzi Bankın bu ilin I yarısındakı fəaliyyəti sabit artımı və iqtisadi inkişafı təmin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2012 20:14 (UTC +04:00)
Mərkəzi Bankın İdarə Heyətinin 2012-ci ilin I yarımillik fəaliyyətinin yekunlarına həsr olunmuş geniş iclası keçirilmişdir.
Mərkəzi Bankın bu ilin I yarısındakı fəaliyyəti sabit artımı və iqtisadi inkişafı təmin edib

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Mərkəzi Bankın İdarə Heyətinin 2012-ci ilin I yarımillik fəaliyyətinin yekunlarına həsr olunmuş geniş iclası keçirilmişdir.

Bankdan Trend-ə verilən məlumata görə, Mərkəzi Bankın sədri Elman Rüstəmov çıxışında qeyd etmişdir ki, 2012-ci ilin ötən dövrü ərzində Bankın həm cari, həm də strateji fəaliyyəti ölkə iqtisadiyyatının dayanıqlı artımı və inkişafına yönəlmiş iqtisadi siyasətin hərtərəfli dəstəklənməsinə xidmət etmişdir.

Rüstəmov bildirmişdir ki, 2012-ci ilin altı ayında ölkədə iqtisadi artım tempi 1,5% olmuş, qeyri-neft sektoru 11,3% artmışdır. Qeyri-neft iqtisadiyyatına qoyulan investisiyaların həcmi isə 30,2% böyümüşdür. Xarici ticarət balansının profisiti 7 mlrd. dollar təşkil etmiş, strateji valyuta ehtiyatları 44 mlrd. dolları ötmüşdür. Makroiqtisadi sabitlik qorunmuş, orta illik inflyasiya cəmi 2,2% təşkil etmişdir. Tədiyə balansının irihəcmli profisiti şəraitində manatın məzənnəsinin sabitliyini qorumaq üçün Mərkəzi Bank 639 mln. dollar həcmində valyuta sterilizasiyası həyata keçirmişdir. Nəticədə manatın ABŞ dollarına qarşı məzənnəsi dövr ərzində cəmi 0,11% möhkəmlənmişdir. Bununla belə, manatın real məzənnəsi əlverişli səviyyədə qalmış, ilin əvvəlindən real ucuzlaşma tempi 1,5% olmuşdur.

İclasda vurğulanmışdır ki, cari ilin altı ayının sosial-iqtisadi inkişaf yekunlarına həsr edilmiş geniş iclasda prezident İlham Əliyev tərəfindən makroiqtisadi sabitlik mühüm prioritet kimi qeyd olunmuşdur. Bu prioritetdən çıxış edərək inflyasiyanın təkrəqəmli səviyyədə saxlanılmasına yönəlmiş tədbirlər bundan sonra da davam etdirilməlidir.

İclasda bank sisteminin inkişafı da geniş təhlil edilmiş və qeyd edilmişdir ki, ötən dövr ərzində bank sektorunda konsolidasiya və restrukturizasiya prosesləri də diqqətdə saxlanılmış, bu sahədə zəruri tədbirlər həyata keçirilmişdir. Prudensial nəzarətin formalaşmadqa olan yeni Bazel-3 standartlarına uyğunlaşdırılması prosesi də davam etmişdir. Növbəti ildə beynəlxalq maliyyə institutları ilə birgə həyata keçiriləcək bank sektorunun qiymətləndirilməsi proqramı (FSAP) üzrə zəruri hazırlıq işləri həyata keçirilmişdir.

Birinci yarım il ərzində Bankın fəaliyyətinin digər istiqamətlərində də müsbət nəticələr əldə edilmişdir. Mərkəzi Bank valyuta ehtiyatlarının idarə olunması, ödəniş sistemlərinin elektron hökumət konsepsiyası çərçivəsində daha da inkişaf etməsi, nağd pul dövriyyəsinin təşkili, idarə olunması və optimallaşması, mühüm qanunvericilik təşəbbüslərinin reallaşması istiqamətində bütün taktiki və strateji hədəfləri yerinə yetirmişdir. Dünya maliyyə bazarlarında mövcud olan qeyri-stabilliyə baxmayaraq, valyuta ehtiyatlarının təhlükəsiz və optimal idarə olunması təmin edilmiş, nağdsız ödənişlərin həcminin artması meyilləri davam etmiş, dövriyyədə olan kartların sayı 4%, posterminalların sayı isə 1,7 dəfə artmışdır. Nağdsız ödənişlərin miqyasının stimullaşdırılması məqsədilə aidiyyatı qurumlar ilə birgə fəaliyyət davam etdirilmişdir. Nağd pula olan tələbat vaxtında və tam ödənilmiş, emissiya altı ay ərzində 8,3% artmışdır. Nağd pulun idarə edilməsinin ən müasir standartlarının formalaşdırılması və avtomatlaşdırılmış nağd pul mərkəzinin yaradılması üzrə fəaliyyət davam etdirilmişdir. Mərkəzi Bankın fəaliyyətinin şəffaflığının daha da gücləndirilməsi istiqamətində də zəruri işlər görülmüş, əhalinin maliyyə savadlığının artırılması üzrə mühüm tədbirlər həyata keçirilmişdir.

Bank cari əməliyyat hədəflərini həyata keçirməklə yanaşı həm də strateji məqsədlərin proqramlaşması və reallaşmasına köklənmişdir. Yeddi proqram üzrə otuzdan çox mühüm layihələr həyata keçirilir ki, bunlar da bankın makroiqtisadi və maliyyə sabitliyi sahəsində siyasətinin effektivliyinin və institusional potensialının artırılmasına, habelə qanunla nəzərdə tutulmuş digər funksiyalarının daha səmərəli reallaşmasına yönəlmişdir. Bank strateji iqtisadi siyasətə öz töhvəsini artırmaq üçün bir sıra digər əhəmiyyətli layihələri də həyata keçirir.

Qeyd olunmuşdur ki, cari ilin qarşıdakı dövründə fəaliyyət proqramlarının və layihələrin həyata keçirilməsi ilə bağlı bütün institusional, təşkilati və kadr məsələləri dərhal və vaxtında öz həllini tapmalıdır.

İclası yekunlaşdıraraq ümumilikdə 2012-ci ilin 6 ayının nəticələrini müsbət qiymətləndirən Rüstəmov cari ilin ikinci yarısında Mərkəzi Bankın qarşısında duran vəzifələrə, strateji və taktiki hədəflərin yerinə yetirilməsinin təmin edilməsinə dair tapşırıq və tövsiyələrini verərək vurğuladı ki, bundan sonra da fəaliyyətimizi elə davam etdirməliyik ki, Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin bəyan etdiyi kimi 2012-ci il də uğurlu illərdən biri olsun.

Xəbər lenti

Xəbər lenti