Azərbaycan, Bakı, 28 avqust /Trend/
Salyan rayonunun Xıdırlı kəndinin su təchizatı yenidən qurulur.
"Azərsu" ASC-nin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, layihəyə uyğun olaraq, kəndə su Kür-Bakı kəmərindən veriləcək və bu məqsədlə hazırda diametri 200 mm, uzunluğu 15,7 km olan polietilen borulardan yeni magistral su xətti çəkilib.
Bundan başqa, yararsız vəziyyətə düşmüş nasos stansiyası ləğv edilərək əvəzində yenisinin tikilməsi, mövcud 2 ədəd həcmi 300 kubmetr olan su anbarlarının təmiri, kənddaxili su xətlərinin çəkilməsi nəzərdə tutulub.
Qeyd edək ki, 3 180 nəfər əhalisi olan Xıdırlı kəndinin yalnız 30 faizi - 193 abonent (1060 nəfər) mərkəzləşdirilmiş içməli su ilə təmin olunur. Layihə yekunlaşdıqdan sonra isə bütün kənd içməli su ilə təchiz ediləcək.