...

Azərbaycanda Belarus avtobuslarının yığılmasına başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Avqust 2012 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir E.İsmayılov/

Gəncə Avtomobil Zavodu və Minsk Avtomobil Zavodu Azərbaycanda "MAZ-241" və "MAZ-256" şəhərətrafı sərnişin avtobuslarının yığılmasının təşkili haqqında saziş imzalayıblar. Bu barədə cümə günü Trend-ə Gəncə zavodundan məlumat verilib.

İyirmi maşın dəstindən ibarət birinci partiya artıq alınıb və yaxın vaxtlarda Azərbaycanda onların yığılmasına başlanacaq.

"Tərəflərin qarşılıqlı razılığı əsasında avtobuslar Azərbaycan brendi altında buraxılacaq", - zavoddan bildiriblər.

Avtobuslardan əsasən ölkənin regionlarında istifadə olunacağı nəzərdə tutulur.

Bu gün Gəncə Avtomobil Zavodunda Minsk Avtomobil Zavodunun avtomobilləri və Minsk Traktor Zavodunun traktorları yığılır.

Qeyd edək ki, Azərbaycanda Minsk Avtomobil Zavodunun yük avtomobilləri və Minsk Traktor Zavodunun traktorlarının yığımı və satışı üzrə müqavilə 2006-cı ilin sonlarında Belarus paytaxtında imzalanıb. Gəncə Avtomobil Zavodu ildə 1000 yük avtomobili və 2000 traktor yığmağa qadirdir. Hazırda müəssisədə "Belarus" traktorları və MAZ avtomobilləri yığılır.

Müəssisədən onu da bildiriblər ki, Gəncə Avtomobil Zavodu "AMKODOR" (Belarus) holdinqi ilə Azərbaycanda kiçik və orta tonnajlı yük maşınlarının yığılmasına dair memorandum imzalayıb.

Bundan əvvəl tərəflər arasında Azərbaycanda yol-tikinti, kommunal, qaryığan, aerodrom, meşə, kənd təsərrüfatı üzrə və digər xüsusi texnika və avadanlıqların birgə istehsalı haqqında memorandum imzalanmışdı.

"AMKODOR" holdinqi 80-dən artıq model və modifikasiyada maşın buraxır. Onun tərkibinə hüquqi şəxs yaratmadan üç struktur bölmə - "Udarnik", "Dormaş", "Dormaşmet", 11 törəmə təsərrüfat cəmiyyəti və iki unitar müəssisə daxildir. 2011-ci ildə holdinqin istehsal həcminin artım tempi 132,5 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti