...

Şahin Mustafayev: Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcmi 130 milyard dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2012 19:22 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcmi 130 milyard dolları ötüb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan-Niderland biznes forumunda çıxışı zamanı bildirib.
Şahin Mustafayev: Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcmi 130 milyard dolları ötüb

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcmi 130 milyard dolları ötüb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan-Niderland biznes forumunda çıxışı zamanı bildirib.

"Ölkədə yaradılmış əlverişli biznes və investisiya mühiti nəticəsində 1995-ci ildən hazırkı dövrədək bütövlükdə ölkə iqtisadiyyatına 130 milyard ABŞ dollarından çox investisiya qoyulub, investisiyaların 50 faizdən çoxu xarici investisiyaların payına düşür", - Mustafayev deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda bank və sığorta, tikinti, sənaye, rabitə, nəqliyyat, xidmət, ticarət, kənd təsərrüfatı və s. sahələrdə 70 Niderland investisiyalı şirkət fəaliyyət göstərir və bu sahələrə Niderland şirkətləri tərəfindən 365 milyon dollar həcmində investisiya yatırılıb. Bu ilin 7 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 42 faiz artıb.

İki ölkə arasında iqtisadi münasibətlərin gələcəkdə genişləndirilməsi perspektivləri bu gün həmçinin Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin Niderland Baş nazirinin müavini, iqtisadi məsələlər, kənd təsərrüfatı və innovasiyalar üzrə naziri Maksim Verhagenlə ikitərəfli görüşü zamanı müzakirə edilib.

Mustafayevin sözlərinə görə, Azərbaycan artıq xarici investora çevrilib və Türkiyə, Gürcüstan, Rusiya, Özbəkistan, Ukrayna, Rumıniya və İsveçrəyə böyük həcmdə investisiya yatırıb.

"Özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu artıb, ÜDM-də özəl sektorun xüsusi çəkisi 80 faizdən çox, aqrar bölmədə isə demək olar ki, 100 faizə çatıb. Bu gün Azərbaycan Cənubi Qafqazın siyasi, iqtisadi və mədəni mərkəzidir", - nazir qeyd edib.

Onun sözlərinə görə, 2004-2011-ci illərdə ümumi daxili məhsul 3 dəfə, sənaye istehsalı 2,7 dəfə, qeyri-neft sektoru 2,2 dəfə, dövlət büdcəsi gəlirləri 13 dəfə artdığı halda, işsizlik səviyyəsi 1,8 dəfə, yoxsulluq səviyyəsi isə 5,9 dəfə azalıb.

"Hazırda xarici borcun ÜDM-ə nisbəti 7,4 faiz təşkil edir, valyuta ehtiyatları xarici borcu təqribən 10 dəfə üstələyir", - Mustafayev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti