...

Azərbaycan Xorvatiyadan yeni bərə alıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2012 19:18 (UTC +04:00)
Bu gün Xoravatiyanın Pula şəhərindəki "Ulyanik" tərsanəsində Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (DXDG) sifarişi ilə tikilən "Bərdə" gəmi-bərəsinin təhvil-təslim sənədlərinin imzalanması və gəmidə Azərbaycanın dövlət bayrağının qaldırılması mərasimi keçirilib.
Azərbaycan Xorvatiyadan yeni bərə alıb (FOTO)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir E.İsmayılov/

Bu gün Xoravatiyanın Pula şəhərindəki "Ulyanik" tərsanəsində Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (DXDG) sifarişi ilə tikilən "Bərdə" gəmi-bərəsinin təhvil-təslim sənədlərinin imzalanması və gəmidə Azərbaycanın dövlət bayrağının qaldırılması mərasimi keçirilib. Trend-in məlumatına görə, bu barədə cümə günü DXDG-nin yaydığı məlumatda deyilir.

Məlumata görə, Azərbaycan tərəfindən sənədləri DXDG-nin baş mühəndisi Şahin Orucov, Xorvatiya tərəfindən isə "Ulyanik" tərsanəsinin kommersiya departamentinin rəhbəri Sercio Paykoviç imzalayıblar. Sənədlərə əsasən, artıq sentyabrın 14-dən "Bərdə" gəmisi Azərbaycanın mülkiyyətindədir.

İmzalanma mərasimindən sonra gəminin kapitanı Azərbaycan himninin sədaları altında dor ağacında ölkəmizin bayrağını qaldırıb.

Mərasimdə Azərbaycanla Xorvatiyanın siyasi, iqtisadi və mədəni əlaqələrinin inkişafı, bu istiqamətdə istər hər iki ölkə rəhbərlərinin, istərsə də iş adamlarının göstərdiyi səylər çıxışların əsas mövzusu olub.

Bundan başqa, çıxışlarda Avropada hökm sürən qlobal iqtisadi böhran şəraitində məhz Pulada sifariş verən Azərbaycan dövlətinə minnətdarlıq bildirilib, bu sifarişin iş yerlərinin qorunub saxlanması, inşaat prosesində yeni texnologiyaların tətbiqi baxımından tərsanələr üçün əvəzsiz olduğu vurğulanıb.

DXDG-nin rəisi Aydın Bəşirovun Xorvatiya tərsanələrinə salamını çatdıran Şahin Orucov ötən ilin noyabrında təməli qoyulmuş gəminin bir ildən də tez müddətə təhvil verilməsini böyük nailiyyət kimi qiymətləndirib.

"Azərbaycan dənizçiləri ilə Xorvatiya tərsanəçilərinin əməkdaşlığı demək olar ki, 30 illik tarixə malikdir. 1984-86-cı illərdə "Ulyanik"də 8 gəmi-bərə inşa edilərək Xəzər dənizçilərinə təhvil verilib. O vaxt SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan ümummilli lider Heydər Əliyevin göstərişi ilə bu bərələrin hamısı Bakıya gətirilib. Həmin gəmilər bu gün də Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində uğurla istismar edilir, Azərbaycandan Qazaxıstan və Türkmənistana, habelə əks istiqamətdə müxtəlif yüklər daşıyırlar. Bu gün Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən böyük əzmkarlıqla davam etdirilir. Ölkə rəhbəri daim dəniz nəqliyyatının problemləri ilə maraqlanır, donanmanın təzələnməsində dənizçilərə əməli kömək göstərir", - o vurğulayıb.

Orucovun szölərinə görə, son 4 ildə DXDG-nin nəqliyyat donanması üçün Xorvatiyada inşa edilmiş 4 gəmi-bərə alınıb.

O ümidvar olduğunu bildirib ki, "Akademik Zərifə Əliyeva", "Qarabağ", "Ağdam", "Şahdağ" bərələri kimi, yeni tikilən "Bərdə" və "Balakən" gəmiləri də respublikamız üçün əhəmiyyətli yüklərin daşınmasında, ölkəmizin tranzit poetansialının güclənməsində öz sözlərini deyəcəklər.

"Bərdə" bərəsinin Bakıya gəlişi oktyabrın ortalarında gözlənilir. "Balakən" bərəsi isə sentyabrın sonlarında sifarişçiyə təhvil veriləcək. Uzunluğu 154,8 metr, eni 17,5 metr, deveyti 5000 ton olan bərələr əvvəlkilərindən fərqli olaraq 54 dəmiryol vaqonu götürəcək.

Xəbər lenti

Xəbər lenti