Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir A.Axundov/
Bu gün Azərbaycanın Milli Depozitar Mərkəzi (MDM) Yunanıstan və Polşanın mərkəzi depozitar təşkilatları ilə əməkdaşlıq haqqında memorandumlar imzalayıb.
Sənədləri Azərbaycan tərəfdən MDM-in İdarə Heyətinin sədri Fariz Əzizov, Yunanıstan tərəfdən "Hellenic Exchanges S.A"nın direktor müavini Nikos Porfiris, Polşa tərəfdən isə KDPW prezidentinin müavini Slavomir Panasyuk imzalayıblar.
Bu gün Milli Depozit Mərkəzinin (MDM) yaradılmasının 15-ci ildönümü münasibətilə "Kapital bazarının formalaşdırılması: Trendlər, çağırışlar, imkanlar" mövzusunda beynəlxalq konfrans keçirilir. Memorandumlar məhz bu konfrans çərçivəsində imzalanıb.
Memorandumların nəticəsi olaraq tərəflər arasında yeni xidmət sahələrinin tədqiqi, sistemlər və əməliyyatlar üzrə iş birliyinin yaradılması, qarşılıqlı təlim və işçilərin təcrübə mübadiləsi, əməliyyatlarla bağlı statistik və bazar göstəricilərinin mübadiləsi, birgə əməliyyat imkanları üzrə qarşılıqlı informasiya mübadiləsi və digər məsələlərdə qarşılıqlı əməkdaşlıq münasibətləri inkişaf etdiriləcək.
Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Dünya Bankı və "Paşa Bank"ın dəstəyi ilə keçiriləcək konfransa 20-dən artıq ölkədən kapital bazarının yerli və xarici ekspertləri, tədqiqatçılar, tənzimləyicilər və qiymətli kağızlar üzrə peşəkar mütəxəssislər iştirak edirlər.