...

Ziya Məmmədov: 2012-ci ildə Azərbaycanda 114 milyon ton yük, 1,2 milyard nəfər sərnişin daşınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2012 03:47 (UTC +04:00)
2012-ci ilin 9 ayı ərzində nəqliyyat-yol kompleksi üzrə əsas iqtisadi göstəricilər yerinə yetirilmiş, 114 milyon ton yük, 1,2 milyard nəfər sərnişin daşınmışdır. Bunu nəqliyyat naziri Ziya Məmmədov çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin doqquz ayın sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında bildirib.
Ziya Məmmədov: 2012-ci ildə Azərbaycanda 114 milyon ton yük, 1,2 milyard nəfər sərnişin daşınıb

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

2012-ci ilin 9 ayı ərzində nəqliyyat-yol kompleksi üzrə əsas iqtisadi göstəricilər yerinə yetirilmiş, 114 milyon ton yük, 1,2 milyard nəfər sərnişin daşınmışdır. Bunu nəqliyyat naziri Ziya Məmmədov çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin doqquz ayın sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında bildirib.

Məmmədovun sözlərinə görə, yüklərin 16,7 milyon tonu dəmir yolu, 9,3 milyon tonu su, 87,9 milyon tonu avtomobil nəqliyyatı ilə daşınmışdır.

"Limanlarda 9,1 milyon ton həcmində yükləmə-boşaltma əməliyyatları yerinə yetirilmişdir. Bu dövr ərzində nəqliyyat sektoruna yönəldilmiş investisiyaların ümumi həcmi 1,7 milyard manat təşkil etmişdir. Ölkəmiz üçün dəmir yollarının strateji əhəmiyyətini, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bərpa olunan "Tarixi İpək Yolu" marşrutu üzərində dəmir yolunun xüsusi yerini nəzərə alaraq, magistralın dayanıqlı fəaliyyətinin təmin edilməsi üçün irihəcmli yenidənqurma və tikinti işləri aparılmaqdadır. Sizin, cənab Prezident, təsdiq etdiyiniz dəmir yolu nəqliyyatı sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramında müəyyən olunmuş tədbirlərin icrası olaraq Şərq-Qərb istiqamətində yol təsərrüfatının yenidən qurulması, enerji, rabitə-işarəvermə sisteminin tam dəyişdirilməsi, yeni lokomotiv və vaqonların alınması, mərkəzi dispetçer idarəetmə sisteminin yaradılması işləri hazırda 4 komponent üzrə mərhələlərlə davam etdirilir. Layihə üzrə bu istiqamətdə sürət həddi saatda 140 kilometr olacaq yolun artıq 85 kilometr hissəsi yenidən qurulmuş, bağlanmış müqavilələr əsasında tələb olunan avadanlıq və materialların müəyyən hissələri alınmışdır", - deyə nəqliyyat naziri bildirib.

Onun sözlərinə görə, ölkəmizin tranzit imkanlarının artırılması, regional əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən və Prezidentin tapşırığı ilə həyata keçirilən Bakı-Tbilisi-Qars layihəsi xüsusi yer tutur.

"Burada tikinti işləri sürətlə davam etdirilir. Hazırda Axalkalaki-Türkiyə sərhədi hissəsində 5,2 kilometr uzunluğunda yeni yolun üst quruluşu inşa edilmiş və bu hissədə süni qurğuların və torpaq yatağının tikintisi, o cümlədən Axalkalaki və Kartsaxi stansiyalarında vağzal binalarının, yolun 101-103 kilometrlik ərazisində yerləşən uzunluğu 150 metr olan körpünün, Türkiyə-Gürcüstan sərhədində 4,2 kilometrlik tunelin tikintisi və uzunluğu 153 kilometr olan Marabda-Axalkalaki sahəsində reabilitasiya-rekonstruksiya işləri davam etdirilir. Su nəqliyyatı sahəsində Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmilərin və bərələrin müasir gəmilərlə əvəz edilməsi işləri davam etdirilmişdir. Hazırda dövlət büdcəsi hesabına Xorvatiyada sifariş olunmuş 2 ədəd 54 vaqon tutumlu bərə ölkəyə gətirilir və yaxın günlərdə istismara veriləcəkdir. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi layihəsi çərçivəsində ərazinin tikintiyə hazırlanması və liman kompleksini birləşdirən yol infrastrukturunun tikintisi işləri davam etdirilir. Liman akvatoriyasında aparılan dib dərinləşdirmə işləri yekunlaşmaq üzrədir", - deyə nazir bildirib.

Məmmədov qeyd edib ki, hava nəqliyyatı infrastrukturunun müasirləşdirilməsi, hava gəmiləri parkının yeniləşdirilməsi məqsədi ilə 2012-ci ildə "Azərbaycan Hava Yolları" QSC tərəfindən 2 ədəd "Boeing-767" tipli sərnişin təyyarəsi alınmış və "Boeing" şirkəti ilə yeni sifarişlərlə bağlı müqavilələr imzalanmışdır.

"Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin tikintisi davam etdirilmişdir. Ölkəmizdə daşımaların böyük hissəsi avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilir və bu dinamika ilbəil artmaqdadır. Bu daşımaların təhlükəsiz həyata keçirilməsinin təmin edilməsi ilə bağlı, cənab Prezident, Sizin verdiyiniz tapşırıqların icrası məqsədilə avtonəqliyyat parkının yeniləşdirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. 2012-ci ilin 9 ayı ərzində paytaxtda 400 ədəd yeni iri və orta tutumlu avtobus və 1000 ədəd "London taksi"ləri olmaqla, 1085 ədəd yeni taksi minik avtomobilləri gətirilərək istismara verilmişdir. Cari ilin əvvəlindən Daşkəsən, Gəncə və Horadiz avtovağzallarının tikintisinə başlanılmış, Yevlax avtovağzal kompleksinin tikintisi isə başa çatdırılaraq istifadəyə verilmişdir. Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası hökumətləri arasında imzalanmış texniki-iqtisadi əməkdaşlıq Sazişi çərçivəsində Çin tərəfindən ayrılmış texniki yardımlar hesabına ölkəmizə kommunal xidmət təyinatlı 163 nəqliyyat vasitəsinin gətirilməsi təmin edilmişdir. Hesabat dövründə, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi diqqət mərkəzində saxlanılmış, yollarda təhlükəsizlik tədbirləri gücləndirilmiş, yolların texniki təchizatı, işarələnməsi və zəruri nişanların yerləşdirilməsi təmin olunmuşdur", - nəqliyyat naziri deyib.

Onun sözlərinə görə, avtomobil daşımalarında vacib amillərdən biri də müasir tələblərə cavab verən avtomobil yolları infrastrukturunun mövcudluğudur.

"Bu sahədə Sizin xüsusi tapşırıqlarınız əsasında ölkəmizdə müasir yol şəbəkəsinin yaradılması məqsədilə irimiqyaslı yol layihələri həyata keçirilir, yeni yollar çəkilir, körpülər tikilir. 2012-ci ilin 9 ayı ərzində 362,8 kilometr, o cümlədən 77,5 kilometr respublika əhəmiyyətli, 285,3 kilometr yerli əhəmiyyətli yol təmir olunmuş, avtomobil yollarında 11 körpü tikilmişdir. Daxili investisiyalar hesabına Bakı-Ələt avtomobil yolunun 2-4 kilometrlik hissəsi istismara verilmiş, bu yolun 50-69 kilometr hissəsinin tikintisi, Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi, Qəbələ-Ağdaş, Ağstafa-Poylu-Gürcüstan sərhədi avtomobil yollarının yenidən qurulması, Ələt-Hacıqabul, Qəbələ-Oğuz, Goran-Naftalan, M2 Gəncə, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar avtomobil yollarının əsaslı bərpa işləri həyata keçirilmişdir. Həmçinin Cəlilabad-Yardımlı, İsmayıllı-Lahıc, Quba-Qəçrəş, Şəki-Qax və digər yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması və əsaslı təmiri işləri aparılmışdır. Beynəlxalq kreditlər hesabına Yenikənd-Salyan, Salyan-Şorsulu, Kür çayı üzərində körpü keçidinin tikintisi, Muğanlı-Yevlax, Tağıyev-Sahil, Yevlax-Gəncə, Hacıqabul-Bəhramtəpə avtomobil yollarının yenidən qurulması, Hacıqabul-Kürdəmir və Bakı-Şamaxı-Muğanlı avtomobil yollarının 4 zolağa genişləndirilməsi işləri davam etdirilmişdir", - deyə Məmmədov bildirib.

O, qeyd edib ki, "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı"na uyğun olaraq, Heydər Əliyev Beynəlxalq Aeroportu-Mərdəkan-Bilgəh-Novxanı-Sumqayıt M1-M2 magistralına çıxış avtomobil yolunun 8 cərgəli hərəkət üçün yenidən qurulması, Ziya Bünyadov prospektinin əsaslı təmiri və prospekt boyu 4 yerdə və Qələbə meydanında yol qovşaqlarının tikintisi davam etdirilmişdir.

"Böyük Şor yol qovşağının üçüncü mərhələsi və Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun birinci hissəsinin layihəsi çərçivəsində uzunluğu 566 metr olan tunel istismara verilmişdir. Buzovna-Mərdəkan-Qala, Zığ dairəsi-Beynəlxalq Aeroport avtomobil yolundan Qala istiqamətində avtomobil yollarının tikintisi davam etdirilməkdədir. Bakı şəhərində 75 kilometr yol əsaslı təmir olunmuş və 5 yeraltı piyada keçidi istismara verilmişdir. "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Sizin 2011-ci il 23 may tarixli Fərmanınızın icrası olaraq Nəqliyyat Nazirliyinin elektron xidmət portalı yaradılmış və istifadəyə verilmişdir. Möhtərəm cənab Prezident! İcazə verin, nəqliyyat sektorunun işinə göstərdiyiniz daimi diqqət və qayğıya, istifadəyə verilən yeni nəqliyyat obyektlərinin açılışlarında vaxt tapıb şəxsən iştirak etdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildirim və Sizi əmin edim ki, nəqliyyatçılar bundan sonra da Zati-alilərinizin tapşırıq və tövsiyələrini böyük məsuliyyət hissi ilə yerinə yetirəcəklər", - nazir deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti