...

Qubada Mənzil fondunun idarə olunmasının yeni metodlarının tətbiqi müzakirə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2012 15:57 (UTC +04:00)
Oktyabrın 11-də Qubada İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə “Mənzil fondunun idarə olunmasının yeni metodlarının tətbiqi” mövzusunda tədbir keçirilmişdir.

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

Oktyabrın 11-də Qubada İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə "Mənzil fondunun idarə olunmasının yeni metodlarının tətbiqi" mövzusunda tədbir keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri, Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan şəhər və rayonların icra hakimiyyəti başçılarının müavinləri, bələdiyyə sədrləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev Azərbaycan Respublikası Prezidentinin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğısı nəticəsində digər rayonlarda olduğu kimi, Qubada da yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin açıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmiş, hazırkı dövrdə yeni iqtisadi münasibətlərin ictimaiyyətə çatdırılmasında tədbirin əhəmiyyətini vurğulamışdır.

İqtisadi İnkişaf Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin müdiri vəzifəsinin icraçısı Nizami Qasımov ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf siyasəti nəticəsində regionların simasının günü-gündən dəyişdiyini, sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldiyini diqqətə çatdırmışdır. Son illər bu sahədə bir sıra qanunvericilik aktları qəbul edilmişdir ki, bunlardan biri də 1 oktyabr 2009-cu il tarixində qüvvəyə minmiş yeni Mənzil Məcəlləsidir. Məcəllə vətəndaşların sosial infrastrukturun inkişaf etdirilməsi, kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi və əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində köklü islahatların aparılmasında xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin, inkişaf konsepsiyasının, dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanması İqtisadi İnkişaf Nazirliyinə tapşırılmışdır. Mənzil-kommunal sahəsinin yeni qanunvericiliyin tələblərinə uyğun olaraq idarə olunmasına keçidlə əlaqədar bu sahədə aparılacaq islahatların əlaqələndirilməsi, əhalinin səmərəli sosial müdafiə mexanizminin yaradılması istiqamətində İqtisadi İnkişaf Nazirliyi tərəfindən bir sıra zəruri tədbirlər görülür. Bu sahədə əsas yeniliklərdən biri bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq mənzil fondunun idarə olunmasının yeni metodlarının tətbiqidir.

Qarşıya qoyulmuş məqsədlərə nail olunması üçün icra və bələdiyyə qurumları ilə birlikdə maarifləndirmə və təbliğat işlərinin aparılması, ictimaiyyətin yeni Mənzil Məcəlləsi və onun üstünlükləri barədə məlumatlandırılması vacib məsələlərdəndir. Qubada keçirilən tədbir də bu məqsədə xidmət edir.

İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda görülən və gələcəkdə görüləcək işlər, Mənzil-kommunal siyasəti şöbəsinin müdir müavini Elşən Əsədov Mənzil Məcəlləsində nəzərdə tutulan yeni idarəetmə formalarının tətbiqinin əhəmiyyəti və üstünlükləri, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev mənzil fondunun yeni idarəetmə formalarının yaranması və inkişafında beynəlxalq təcrübə barədə çıxış etmiş, tədbir iştirakçılarının suallarını cavablandırmışlar.

Sonda tədbir iştirakçılarına "Mənzil fondunun yeni idarəetmə üsullarına dair sənədlər toplusu" paylanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti