Azərbaycan, Bakı, 1 noyabr/Trend, müxbir C. Nəsibova/
Azərbaycan Beynəlxalq Bankı (ABB) ölkədə "American Express" ilə əməkdaşlıq üzrə müqavilənin müddətinin uzadıldığını açıqlayıb.
Trend-in məlumatına görə, bu gün Bakıda 6 il müddətinə yeni müqavilə imzalanıb. Müqaviləyə əsasən, ABB Azərbaycan bazarında "American Express" kartlarının eksklüziv emitenti qismində çıxış etməyə davam edəcək. Hazırda bank "American Express Gold Card", "American Express Green Card", "The Platinum Card" kartlarını buraxır.
Yeni müqaviləyə əsasən, ABB Azərbaycanda "American Express" ekvayrinqə ticari-servis müəssisələrini cəlb etməyə davam edəcək və hesablaşmalar, hesabatlılıq, marketinq daxil olmaqla ticarət müəssisələri ilə münasibətlərin qalan aspektlərini idarə edəcək.
"Biz "American Express"in Azərbaycanda eksklüziv tərəfdaşı olduğumuza görə şadıq və əminik ki, tərəfdaşlığımız müştərilərə və ticari-servis müəssisələrə ən yüksək xidmət göstərilməsinin təmin edilməsində zəmanət olacaq. "American Express" kartlarının qəbul şəbəkəsinin artımı bu kart sahiblərinə Azərbaycan mağazalarında daha böyük rahatlıq və məmnunluqla alış-veriş etməyə imkan verəcək", - ABB İdarə Heyəti sədrinin birinci müavini Emil Mustafayev imzalanma mərasimində deyib.
Onun sözlərinə görə, gələcək əməkdaşlığı nəzərə alaraq "American Express"in xidmətlərindən bankın yerli müştəriləri və xeyli sayda xarici qonaqlar istifadə edə bilərlər.
"American Express" ABB ilə əməkdaşlığımızın uzadılmasından çox şaddır ki, bu da dünyada ən yaxşı tərəfdaşlarımız ilə biznesin inkişaf strategiyamızı əks etdirir. 2008-ci ildən ABB ilə əməkdaşlığın başlaması ilə tərəfdaşlığımız inkişaf edir və gücünü artırır. Bununla da "American Express" kartlarının qəbulu üzrə şəbəkəni genişləndirməyə və brendin Azərbaycan bazarında iştirakını gücləndirməyə imkan verir" , - "American Express Global Network Servises"in Avropa, Yaxın Şərq və Afrikada biznesin inkişafı üzrə vitse-prezidenti Aleks Ferber bildirib.