...

İmişlidə müasir yumurta istehsalı fabriki və yem zavodu tikilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2012 14:55 (UTC +04:00)
İmişlidə sahibkarlara 508 min manat güzəştli kredit verilib.
İmişlidə müasir yumurta istehsalı fabriki və yem zavodu tikilir

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Noyabrın 15-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini İmişli rayonunun Bəhramtəpə qəsəbəsində keçirib. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə 150-ə yaxın sahibkar iştirak edib.

Tədbirdən əvvəl İmişli rayonunda Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş "Kristal Fermer" MMC-nin əmtəəlik yumurta istehsalı və "İmişli Quşçuluq" MMC-nin quş əti və yem istehsalı müəssisələrində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.

Tədbir çərçivəsində İmişli rayonunun, o cümlədən Bəhramtəpə qəsəbəsinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan iri taxılçılıq təsərrüfatının, heyvandarlıq kompleksinin, soyuducu anbarın, kiçik və orta həcmli bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və digər metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında bildirib ki, 2012-ci ilin ötən dövründə Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 2161 investisiya layihəsinin maliyyələşdirilməsinə 196,5 milyon manatdan çox güzəştli kredit verilib. Bu kreditlər hesabına 8200-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bu ilin ötən dövrü ərzində Aran iqtisadi rayonunda 925 sahibkara 62,8 milyon manat güzəştli kredit verilib. Ümumilikdə isə, indiyədək 5000-dən çox sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 246 milyon manatadək, o cümlədən son illər yeni texnologiyaların tətbiqinə əsaslanan 66 layihənin maliyyələşdirilməsinə 142,4 milyon manat güzəştli kredit verilib. Bu müəssisələrdən 44-ü istifadəyə verilib, qalan 22 müəssisədə isə tikinti-quraşdırma işləri aparılır.

"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə İmişli və ətraf rayonlarda fəaliyyət göstərən 51 sahibkarlıq subyektinə 508 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, kənd təsərrüfatı məhsullarının istehsalına yönəldiləcəkdir. Bu kreditlər hesabına 90-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti