Azərbaycan, Bakı, 19 noyabr /Trend/
Bakıda qeyri-dəqiq reklamdan istifadə edənlərə 765 manat maliyyə sanksiyası tətbiq edilib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsi, 19 ünvanında Necmettin Erişenə və Binəqədi rayonu, Atatürk prospekti, 60 ünvanında Aysel Əsədovaya məxsus mağazalarda aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması səbəbindən nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən bu sahibkarlar barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Dövlət Xidmətində işə baxılıb və "Haqsız rəqabət haqqında" qanunun tələblərini pozduğuna görə Necmettin Erişenə 435 manat, Aysel Əsədovaya isə 330 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.