...

Azərbaycan və Serbiya strateji əməkdaşlıq üzrə hökumətlərarası müqavilə imzalayacaqlar (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2012 16:45 (UTC +04:00)
Azərbaycan və Serbiya strateji əməkdaşlıq üzrə hökumətlərarası müqavilə imzalayacaqlar. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda keçirilən Azərbaycan-Serbiya biznes forumu zamanı Serbiya Baş nazirinin müavini, xarici və daxili ticarət və telekommunikasiyalar naziri Rasim Lyayiç bəyan edib.
Azərbaycan və Serbiya strateji əməkdaşlıq üzrə hökumətlərarası müqavilə imzalayacaqlar (FOTO)

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan və Serbiya strateji əməkdaşlıq üzrə hökumətlərarası müqavilə imzalayacaqlar. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda keçirilən Azərbaycan-Serbiya biznes forumu zamanı Serbiya Baş nazirinin müavini, xarici və daxili ticarət və telekommunikasiyalar naziri Rasim Lyayiç bəyan edib.

"Azərbaycanla Serbiya arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsinə çatıb. Serbiya Prezidenti Tomislav Nikoliçin 2013-cü il fevral ayının ikinci yarısında Bakıya səfəri zamanı strateji inkişaf üzrə müqavilənin imzalanacağı gözlənilir", - Lyayiç deyib.

Onun sözlərinə görə, 2009-cu ildən etibarən Azərbaycan və Serbiya arasında 21 ikitərəfli saziş imzalanıb.

"Yaxşı hüquqi baza və qarşılıqlı ticarət və investisiyaların həcmlərinin artırılması üçün mühit var. Siyasi münasibətlər ən yüksək səviyyədədir", - Lyayiç əlavə edib.

O, azərbaycanlı sahibkarları Serbiyadakı layihələrdə iştirak etməyə çağırıb və bu ölkədə xarici sərmayədarlar üçün çox sərfəli şəraitin olduğunu qeyd edib.

"Bundan başqa, Azərbaycan və Serbiya şirkətləri konsorsiumunun işi təkcə bu iki ölkədə deyil, həm də üçüncü ölkənin bazarlarında perspektivlidir", - Lyaiç deyib.

Sabah Bakıda Azərbaycan-Serbiya ticarət və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının 2-ci iclası keçiriləcək. Rasim Lyayiç Serbiya tərəfinin həmsədri olacaq.

Biznes forum İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilir. Tədbirdə Azərbaycan və Serbiya tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı və qida sənayesi, turizm, neft-qaz, beynəlxalq avtomobil daşımaları, maşınqayırma sənayesi, tibb, özəlləşdirmə və s. sahələrdə fəaliyyət göstərən 90-a yaxın iş adamı iştirak edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-sentyabrda Azərbaycan və Serbiya arasında əmtəə dövriyyəsi 21,24 milyon dollar təşkil edib ki, burada idxalın payına 21,22 milyon dollar düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti