...

Naftalan şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Yanvar 2013 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində Naftalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə keçirilmiş beynəlxalq tender yekunlaşıb.

Tenderin nəticələrinə görə daha sərfəli şərtlər təklif edən Türkiyənin "Çukurova İnşaat Sanayi ve Ticaret A.Ş." və "Su İstilik Quraşdırma" Birgə Müəssisəsi (Türkiyə və Azərbaycan) qalib elan edilib və həmin təşkilatla müqavilə imzalanıb.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, layihəyə əsasən, Naftalan şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün diametri 315 mm olan polietilen borularla 5,9 km uzunluğunda su xətti çəkiləcək, hər birinin tutumu 3 min kubmetr olan 2 su anbarı və xlorator qurğusu tikiləcək. Naftalan şəhərində çirkab suların idarəedilməsi məqsədilə müxtəlif diametrli borularla 31 km uzunluğunda kanalizasiya şəbəkəsi və 2 km uzunluğunda kanalizasiya kollektoru inşa ediləcək. Layihə çərçivəsində yeni inzibati binanın tikintisi və istehsalat sahəsinin yaradılması nəzərdə tutulur.

Tikinti-quraşdırma işlərinə cari ilin yanvar ayının sonuna qədər başlanılacaq. İnşaat işlərinin 2015-ci ilin fevral ayına qədər başa çatdırılması nəzərdə tutulur. Layihə başa çatdıqdan sonra Naftalan şəhərində 10 minə qədər sakinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti