...

Azərbaycan və Qazaxıstan ərzaq məhsullarının istehsalı ilə bağlı birgə müəssisə yaradır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Mart 2013 17:49 (UTC +04:00)
Qazaxıstanın Atırau vilayətində Azərbaycanın iş adamları və biznes strukturlarının nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Azərbaycan və Qazaxıstan ərzaq məhsullarının istehsalı ilə bağlı birgə müəssisə yaradır

Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir İ.İzzət/

Qazaxıstanın Atırau vilayətində Azərbaycanın iş adamları və biznes strukturlarının nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsuluğunun mətbuat katibliyindən Trend-ə verilən məlumata əsasən Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsulu Rəşad Məmmədovun rəhbərliyi ilə "Azərbaycanın Qazaxıstanda biznes investisiya Assosiasiyasının" rəhbəri Rafat Əliyevin və bir qrup azərbaycanlı iş adamlarının iştirakı ilə Baş konsulluğun konsul dairəsinə daxil olan Atırau vilayətinə işgüzar səfəri həyata keçirilib.

Səfər zamanı Azərbaycan nümayəndə heyəti Atırau vilayət akimiyyətinin (qubernatorluğu) Sahibkarlıq və sənaye idarəsində Atırau vilayətinin iş adamlarının və biznes strukturlarının nümayəndələrinin iştirakı ilə keçirilmiş görüşdə, Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında əlaqələrin inkişafı, Azərbaycanın regionları ilə Atırau vilayəti arasında əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi məsələləri müzakirə olunub. Görüşdə, Baş konsul Məmmədov Azərbaycanın son illərdəki iqtisadi inkişaf və qazandığı uğurlardan, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətdən danışaraq, Azərbaycanın digər ölkələr ilə iqtisadi əlaqələrinin inkişafı istiqamətində gördüyü işlər, xüsusi ilə özəl sektorun inkişafı və xarici ölkələr ilə iqtisadi əlaqələrin inkişafında dövlət qayğısı haqqında məlumat verib.

Görüşün nəticəsində Atırau vilayətində Azərbaycanlı iş adamlarının iştirakı ilə yarımfabrikat ərzaq məhsullarının istehsalı ilə bağlı birgə müəssisənin yaradılması haqqında ilkin razılıq əldə olunub, həmçinin Atırau aeroportunda yük terminalının inşası, kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı istilikxanaların və balıq yetişdirilməsi ilə bağlı birgə müəssisələrin yaradılması, Atırau şəhərinin infrastrukturunun yenidən qurulması və inkişafı istiqamətində həyata keçirilən layihələrdə yaşayış və sosial obyektlərin tikintisində və şəhərin yaşıllaşdırılması layihələrində Azərbaycan şırkətlərinin iştirakı məsələləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti