Azərbaycan, Bakı, 3 may /Trend/
Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviçlə görüşüb.
Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşün məqsədi Belarus təcrübəsindən istifadə etməklə Azərbaycanda südlük-maldarlıq istiqamətində heyvandarlıq təsərrüfatlarının yaradılması, eyni zamanda, Azərbaycan və Belarus arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın yeddinci iclas prokolunun müvafiq bəndlərinin icrasından irəli gələn məsələlərin müzakirəsi olub.
Nazir görüşdə bildirib ki, respublikada mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, o cümlədən heyvandarlıqda süni mayalanmanın öyrənilməsi istiqamətində beynəlxalq təcrübənin tətbiq edilməsi, "Aqrolizinq" ASC-nin xətti ilə hər il respublikaya yeni cins mal-qaranın gətirilməsi nəticəsində ət və süd istehsalı ilbəil artır. Heyvandarlıq sahəsində Belarus təcrübəsindən istifadə etməklə ölkəmizdə yaradılması nəzərdə tutulan heyvandarlıq kompleksi bu sahənin inkişafına öz töhfəsini verəcək.
Görüşdə bu təsərrüfatın yaradılması istiqamətində nəzərdə tutulan məsələlərin müzakirə edilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin 2012-ci ildə Belarusa, Belarus Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin isə 2013-cü ildə Azərbaycana səfərlərinin nəticələri müzakirə olunub.
Səfir iki ölkə arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün əlindən gələni əsigəməyəcəyini bildirib.