...

Şahin Mustafayev Avropa komissarı ilə görüşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2013 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend/

Bu gün iqtisadi inkişaf naziri, Azərbaycanın Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşüb.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Mustafayev Azərbaycanda Avropa İttifaqı ilə əlaqələrin genişlənməsinə böyük önəm verildiyini, ölkəmizin Cənubi Qafqazda Avropanın əsas ticarət tərəfdaşı olduğunu, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynadığını qeyd edib, 1992-ci ildən başlanan Azərbaycan-Avropa İttifaqı əlaqələrinin tərəflər arasında imzalanmış tərəfdaşlıq və əməkdaşlıq sazişi, Avropa Qonşuluq Siyasəti çərçivəsində fəaliyyət planı və enerji üzrə strateji əməkdaşlığa dair anlaşma memorandumu, "Şərq Tərəfdaşlığı Bəyannaməsi" ilə daha da inkişaf etdiyini vurğulayıb.

Hazırda Azərbaycanla Avropa İttifaqı arasında assosiasiya, viza sadələşdirilməsi, readmissiya və vahid aviasiya məkanına dair sazişlərlə bağlı müzakirələr aparılır. Nazir Azərbaycanın sosial-iqtisadi inkişafına, ölkəmizin regiondakı roluna dair məlumat verib, Azərbaycanın regionda həyata keçirilən layihələrin təşəbbüskarı və əsas iştirakçısı olduğunu diqqətə çatdıraraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional inteqrasiyanın inkişafına ən ciddi təhdid olduğunu qeyd edib.

Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle səmimi qəbula görə minnətdarlığını bildirərək Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycan və Avropa İttifaqı arasındakı əlaqələrə və gələcək əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti