Azərbaycan, Bakı, 6 may /Trend/
Balakən rayonunun Sarıbulaq kəndinə içməli suyun verilməsi ilə əlaqədar açılış mərasimi keçirilib. Bu barədə bazar ertəsi Trend-ə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə ASC-nin "Birləşmiş Sukanal" MMC-nin direktoru Etibar Məmmədov bildiribki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq bölgələrdə, xüsusilə ucqar kəndlərdə içməli su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür: "Yaxın gələcəkdə respublikanın digər rayonlarının içməli sudan əziyyət çəkən kəndlərinin də problemləri həll ediləcək".
Balakən rayonunun Sarıbulaq kəndinin su təchizatı sisteminin yaradılması layihəsi 2400-dən çox sakinin su təchizatının yaxşılaşdırılmasına hesablanıb. Layihəyə uyğun olaraq, kəndi içməli su ilə təmin etmək üçün nəzərdə tutulmuş 2 ədəd artezian quyusunun 1-i artıq istismara verilib, digəri isə yaxın vaxtlarda işə salınacaq. Artezian quyularından kəndə 110 mm diametrli polietilen borularla 700 metr uzunluğunda magistral su xətti çəkilib.
Qeyd edək ki, indiyə qədər Balakən rayonunun Sarıbulaq kəndində içməli su şəbəkəsi olmayıb və kənd sakinləri suyu fərdi qaydada, bir neçə kilometr uzaqlıqda yerləşən bulaqlardan gətirirdi.