...

Azərbaycanın strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 70 faizə yaxındır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2013 06:32 (UTC +04:00)
Hazırda Azərbaycanın strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 70%-ə yaxındır.
Azərbaycanın strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 70 faizə yaxındır

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir E.Əliyev/

Hazırda Azərbaycanın strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 70%-ə yaxındır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yanvar-mart ayları üzrə pul siyasəti icmalında deyilir.

İcmala əsasən, cari ilin I rübündə ölkənin strateji valyuta ehtiyatları 1,1 mlrd. ABŞ dolları və ya 2,3% artaraq 47,1 mlrd. ABŞ dollarına bərabər olub ki, bu da təqribən 3 illik mal və xidmətlərin idxalına kifayət edir. Eyni zamanda, strateji valyuta ehtiyatları xarici dövlət borcundan təqribən 8 dəfə çoxdur.

İcmalda deyilir: "Ümumilikdə, strateji valyuta ehtiyatlarının yüksək templə artımı ölkə iqtisadiyyatının mümkün xarici böhran təsirlərinə qarşı həssaslığını azaldan və güclü "makroiqtisadi bufer" formalaşdıran faktordur".

AMB-nin valyuta ehtiyatları isə ilin əvvəlindən 5,5% artaraq 12,3 mlrd. dollar olub ki, bu da təqribən bir illik mal və xidmət idxalını maliyyələşdirməyə kifayətdir.

İcmalda qeyd olunur: "Bu dövr ərzində ölkənin strateji valyuta ehtiyatlarının artımı davam edib və kifayətlilik üzrə beynəlxalq normaları əhəmiyyətli üstələyib".

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatlarına əsasən, 2013-cü ilin I rübündə xarici ticarət dövriyyəsi 8,6 mlrd. dollar təşkil edib ki, bunun da 6,3 mlrd. dolları ixracın, 2,2 mlrd. dolları isə idxalın payına düşür. Xarici ticarət balansının profisiti isə 4,1 mlrd. dollar olub.

İxracda neft və neft məhsulları ilə yanaşı, yüksək templə artan mallara misal kimi pambıq ipliyi, bitki yağları, metal borular, təzə meyvəni və s. göstərmək olar. İdxalın strukturunda yeyinti məhsulları 11% paya malikdir ki, bu da rüb ərzində 9%-ə yaxın azalıb. Ümumilikdə bir sıra yeyinti məhsullarının idxalında azalmanın qeydə alınması daxili istehsalın genişlənməsinin göstəricisidir.

İcmala əsasən, cari ilin sonuna əksər kənd təsərrüfatı və yeyinti məhsulları üzrə özünü təmin etmə səviyyəsinin daha da artacağı gözlənilir. Hətta bəzi məhsullar üzrə (bostan məhsulları, tərəvəz, meyvə və giləmeyvə) özünü təminat səviyyəsinin 100%-dən yuxarı olacağı gözlənilir ki, bu da ölkənin xalis ixracatçıya çevrilməsi deməkdir.

İxracdan əlavə, xaricdən pul baratlarının və kapital axınların dinamikası da ölkəyə valyuta daxilolmalarına artırıcı təsir göstərib. İlkin məlumatlara görə, rüb ərzində ölkəyə 329 milyon dollar pul baratı daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti