Azərbaycan, Bakı, 31 may /Trend/
Azərbaycanın ən geniş istifadə edilən kredit kartı olan "Bolkart" çox yaxında "MasterCard" loqosu ilə dövriyyəyə buraxılacaq və "Bolkart" sahibləri "MasterCard"ın bütün üstünüklərinə malik olacaq. Bu barədə cümə günü bankdan Trend-ə daxil olan məlumatda bildirilir.
Artıq "Bolkart" sahibləri yalnız ölkə daxilində deyil, eyni zamanda xaricdəki ticarət mərkəzlərində də kartları ilə alış-veriş edə bilərlər.Beləliklə, Bolkart istifadəçiləri aşağıdakı üstünlüklər əldə edəcəklər :
• Ölkədə və ölkədən kənarda istənilən ticarət subyektində alış-veriş.
• İnternetdə "MasterCard" loqosu olan istənilən onlayn mağazada alış-veriş.
• "MasterCard" loqolu "Bolkart" xüsusi çiplə təmin ediləcək və bunun sayəsində POS-terminal ilə əməliyyatlar daha təhlükəsiz, sürətli və rahat olacaq.
Ən iri beynəlxalq ödəniş sistemlərindən biri olan "MasterCard" ilə əməkdaşlığa yeni vüsət verməklə "Bank of Baku" "Bolkart"ı qlobal miqyaslı plastik karta çevirmək hədəfini həyata keçirmiş olur. Eyni zamanda Azərbaycan Respublikası Mərkəzi Bankının ölkədə nağdsız ödənişlərin artırılması və genişləndirilməsi siyasətinə öz töhfəsini vermiş olur. "Bank of Baku" bu istiqamətdə Mərkəzi Bank ilə əməkdaşlığa xüsusi önəm verməyə davam edəcək. Azərbaycanda ödəniş kartları bazarının inkişafı və innovativ bank məhsullarının istehlakçılara təqdim olunması "Bank of Baku"-nun daimi diqqət mərkəzindədir.
Azərbaycanın plastik kartlar bazarında aparıcı maliyyə təsisatlarından olan "Bank of Baku"-ya məxsus kredit kartların əksəriyyətini bu gün Bolkart, loyal müştərilərə verilən "Dostlar Klubu" kartları, Visa və MasterCard, həmçinin Mybrands və İdeal kobrend kredit kart növləri təşkil edir. Məhz bu kredit kartları hazırda vətəndaşlar arasında daha böyük populyarlığa malikdirlər. Hal-hazırda "Bank of Baku"-ya toplam olaraq 250.000-nə yaxın kart məxsusdur. Bu kartların 100.000-dən çoxunu isə Bolkart təşkil edir.
Qlobal miqyasda nağdsız ödəmələri hədəfləyən "MasterCard" şirkəti isə 40 ildən çoxdur ki, fəaliyyət göstərir. Bu şirkətin kredit kartları ilə dünyanın əksər ölkələrində əməliyyatlar keçirmək olar. "MasterCard" şirkəti və "Bank of Baku" artıq 10 ilə yaxındır ki, məhsuldar əməkdaşlıq edirlər. Beləliklə, artıq "Bolkart" sahibi dünyanın istənilən guşəsində öz kartından istifadə edə bilər.