...

IFC "FINCA Azerbaijan"a valyuta riskinin idarə edilməsi üçün kredit ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2013 17:07 (UTC +04:00)
Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ölkənin mikromaliyyə sahəsində aparıcı təşkilatlarından biri olan "FINCA Azerbaijan" bank olmayan kredit təşkilatına xarici valyutada borc alınmış vəsaitin Azərbaycan manatına çevrilməsi və xüsusilə, kənd ərazilərində kiçik sahibkarların maliyyə vəsaitinə çıxışının artırılması ilə bağlı imkanların genişləndirilməsi məqsədilə riskin idarə edilməsi sahəsində yardım göstərir.
IFC "FINCA Azerbaijan"a valyuta riskinin idarə edilməsi üçün kredit ayırıb

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir E.Əliyev/

Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ölkənin mikromaliyyə sahəsində aparıcı təşkilatlarından biri olan "FINCA Azerbaijan" bank olmayan kredit təşkilatına xarici valyutada borc alınmış vəsaitin Azərbaycan manatına çevrilməsi və xüsusilə, kənd ərazilərində kiçik sahibkarların maliyyə vəsaitinə çıxışının artırılması ilə bağlı imkanların genişləndirilməsi məqsədilə riskin idarə edilməsi sahəsində yardım göstərir.

Təşkilatdan Trend-ə daxil olan məlumatda bildirilir ki, IFC 2013-cü ilin aprel ayında imzalanmış saziş çərçivəsində 10 milyon ABŞ dolları şərti məbləğində forvard valyuta əməliyyatını həyata keçirib. Bu, "FINCA Azerbaijan"a ABŞ dolları ilə valyuta riskindən özünü sığortalamağa və 140 min nəfərdən artıq mikro sahibkara xidmət edən iri filiallar şəbəkəsinə kreditləri ayırmağa davam etməyə imkan yaradacaq.

"Həm "FINCA Azerbaijan", həm də ümumi FINCA şəbəkəsinin strateji investoru olan IFC ilə riskin idarə edilməsi sahəsində bu əməliyyat vasitəsilə əməkdaşlığımızın genişləndirilməsindən məmnunluq duyuruq, - "FINCA Azerbaijan" təşkilatının rəhbəri Maniş Sane bildirib. - Bu əməliyyat "FINCA Azerbaijan"ın öz müştərilərinə yerli valyutada kredit ayırmaq imkanlarını artırır, eyni zamanda, valyuta riskini səmərəli idarə etməyə imkan verir.

IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri Tomas Lubek söyləyib: "IFC "FINCA Azerbaijan"ı IFC-nin riskin idarə edilməsi sahəsində məhsulları vasitəsilə dəstəkləməkdən məmnunluq duyur. Bu əməliyyatın məqsədi lazımsuz valyuta riskinin aradan qaldırılmasından ibarətidir ki, şirkət səylərini əsas fəaliyyət istiqamətlərinə, yəni Azərbaycanda kiçik və mikro biznesin dəstəklənməsinə yönəldə bilsin".

2011-ci ildə IFC uzaq və kənd ərazilərində mikro və kiçik biznes sahiblərinin maliyyə vəsaitlərinə çıxışının artırılması məqsədilə "FINCA Azerbaijan"a üstünlük şərtləri əsasında 7 milyon ABŞ dolları dəyərində kredit ayırıb və bununla, regionun ən aztəminatlı insanlarına kömək göstərib.

Qeyd edək ki, Azərbaycan IFC-yə 1995-ci ildə qoşulub. O zamandan başlayaraq, IFC təxminən 393 milyon ABŞ dolları məbləğində investisiyalar yatırıb və maliyyə xidmətləri, infrastruktur və istehsal sahəsində 67 layihə çərçivəsində digər kredit ayıran təşkilatlardan təxminən 73 milyon AŞB dolları məbləğində vəsait cəlb edib. IFC, həmçinin özəl sektorun inkişafına yönəlmiş məsləhət xidmətlərini göstərib. Əlavə olaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) IFC-nin yeni yaranmış bazarlarda özəl sektor layihələrinə investisiya vəsaiti ayıran IFC-nin Aktivlərin İdarə Edilməsi Şirkətinin idarə etdiyi üç fond qarşısında 350 milyon ABŞ dolları məbləğində öhdəlik qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti