...

"AccessBank" 60 milyon dollar məbləğində kredit cəlb edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2013 17:55 (UTC +04:00)
"AccessBank" Niderland İnkişaf Bankından (FMO) 60 milyon ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit cəlb edib.
"AccessBank" 60 milyon dollar məbləğində kredit cəlb edib

Azərbaycan, Bakı, 25 iyun /Trend/

"AccessBank" Niderland İnkişaf Bankından (FMO) 60 milyon ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit cəlb edib. Bankın kreditorları qismində çıxış edən OeEB - Avstriya İnkişaf Bankı və PROPARCO - Fransa İnkişaf Bankı bu sövdələşməyə qoşularaq sazişin iştirakçısı oldular. Bu sövdələşmə AccessBank-ın 10 illik fəaliyyəti dövründə beynəlxalq konsorsiumdan cəlb etdiyi ən böyük təkrar maliyyələşdirmə paketidir.

Bankdan Trend-ə verilən məlumata görə, bu kredit AccessBank-a mikro və kiçik sahibkarlığın maliyyələşdirilməsi istiqamətində öz fəaliyyətini genişləndirməyə kömək edəcək. Cəlb olunmuş vəsaitlər regional sahibkarlara, xüsusən, kənd yerlərində fəaliyyət göstərən iş adamlarına böyük məbləğdə kreditlərin verilməsinə yönələcək. Bankın geniş filiallar şəbəkəsini nəzərə alaraq qeyd etmək lazımdır ki, bu, yeni iş yerlərinin yaradılmasına və regionlarda iqtisadiyyatın inkişafına kömək göstərəcək.

AccessBank-ın baş meneceri Mixael Hoffmann bildirib: "Bu, AccessBank üçün mühüm sövdələşmədir və biz öz tərəfdaşlarımıza göstərdikləri dəstəyə və etimada görə minnətdarıq. Bizim üçün ayrılmış maliyyə vəsaitləri, xüsusən, dinamik inkişaf edən regional iqtisadiyyatın qeyri-neft sektoruna aid mikro, kiçik və orta sahibkarların maliyyələşdirilməsi üzrə fəaliyyətimizi davam etdirməyə kömək edəcək".

FMO-nun baş icraçı direktoru Jurgen Rigterink müqaviləni şərh edərək deyib: "Biz AccessBank-la bu sazişi imzaladığımıza görə məmnunluq duyuruq, çünki cəlb olunmuş vəsaitlər bankın fəaliyyətini daha çox genişləndirməyə imkan yaradacaq və bununla, yeni iş yerlərinin açılmasına və Azərbaycan iqtisadiyyatının inkişafına təkan verəcək".

FMO inkişaf etməkdə olan bazarların özəl sektorunun davamlı inkişafını dəstəkləyərək iddialı müəssisələrə investisiya edir. FMO inanır ki, güclü özəl sektor insanlara öz bacarıqlarını istifadə etməyə və həyat səviyyəsini yüksəltməyə imkan yaradaraq iqtisadi və sosial inkişafı təmin edir. FMO yüksək inkişafı təmin edən üç sahə üzrə dəstək verir: maliyyə institutları, enerji və aqrobiznes, qida sənayesi. 6,3 milyard avro həcmində olan investisiya portfeli ilə FMO özəl sektorun inkişafı üzrə Avropanın ən iri banklarından biridir.

"AccessBank" 2002-ci ildə QDTİB, AYİB, BMK və Almaniyanın konsaltinq şirkəti olan "LFS Financial Systems" tərəfindən yaradılıb. AccessBank-ın fəaliyyəti mikro, kiçik və orta sahibkarların maliyyələşdirilməsinə yönəldilib. Bankın bütünlüklə Azərbaycanda 37 filialı və 1,565 əməkdaşı fəaliyyət göstərir. "Fitch Ratings" agentliyi AccessBank-ı Azərbaycanda ən yüksək bank reytinqi olan BB+ reytinqi ilə qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti